Serjin revanş cəhdi - "Hakimiyyətə kim gəlsə də...” – Şans yoxdur ! 

Ermənistanın eks-prezidenti Serj Sarkisyan ölkəsinin İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətini etiraf edib. S.Sarkisyan xalqa müraciətində Ermənistanın mövcud hakimiyyətini xəyanətdə ittiham edib: “Sənə xəyanət etdilər, arxadan bıçaqlandın, ağır yaralandın və bundan əvvəl, son illərdə səni güzəştə getmək və zəiflətmək üçün hər şeyi etdilər. Bu gün minlərlə valideyn istismar edilməsindən danışır, amma kimsə ordunun tələyə salındığını bilmir”.

İşğalçı ölkənin keçmiş lideri Azərbaycanı təhdid etməkdən də çəkinməyib.
Xocalı soyqırımının müəlliflərindən biri olan və Azərbaycan xalqı qarşısında saysız cinayətlərə əl atmış cəllad Sərkisyan İkinci Qarabağ savaşındakı məğlubiyyətin qisasının alınacağını iddia edib: “Ermənistan ordusu yenə də yumruğunun gücünü göstərəcək və düşmənə yaxın zamanda biabırçı keçmişini xatırladacaq”.



Sarkisyanın sərsəm açıqlamasını “Sherg.az”a şərh edən siyasi analitik Turab Rzayev bildirib ki, Ermənistanın keçmiş və indiki siyasi liderlərinin yeganə bir məqsədi var: bu da Ermənistandakı hakimiyyəti ələ almaqdır:

“Ona görə də publikaya xoş gəlmək və xarici qüvvələri cəlb etmək üçün belə açıqlamalar verir. Əlbəttə ki, Sarkisyanın dedikləri çox mənasız və boşdur, sadəcə populizmdir. Sarkisyan verdiyi açıqlama ilə demək istəyir ki, Paşinyan məğlub olub və guya özü hakimiyyətə gəlsə, torpaqları geri alacaq. Bununla erməni xalqına mesaj verir ki, onu seçsinlər.

Lakin Azərbaycanın güclü ordusu var. Ermənistan hərbi və texnoloji cəhətdən bizdən qat-qat zəifdir. Ona görə də belə bir şansları yoxdur. Sarkisyan da hakimiyyətdə olsaydı, nəticə dəyişməyəkdi”.

T.Rzayev qeyd edib ki, Ermənistanda hakimiyyətə kim gəlsə də, torpaqları geri ala bilməyəcəklər:

“Sadəcə sülh prosesi pozular və kommunikasiya xətləri açılmaz, insanlarda qarşılıqlı nifrəti formalaşdıra bilərlər. Nəticədə erməni xalqı azərbaycanlı və türklərə düşmən kimi baxacaq. Ermənistan rəhbərliyinin qazana biləcəkləri bunlardır”.

Ekspertin sözlərinə görə, Sarkisyanın açıqlaması sadəcə daxili auditoriyaya hesablanıb:

“Əhaliyə demək istəyir ki, bir dəfə torpaqları işğal etmişdik, indi isə hakimiyyətə gəlsəm, torpaqları yenidən əldə edə bilərəm. Beləliklə, yalan vədlər verəcək. Sarkisyan insanların sülhpərvər hislərini istimar edib, onları daha çox faşizmə yönəldən açıqlamalar verir”.