Bayden postsovet ölkələrini Rusiyadan qurtarmağa çalışacaq

Məhəmməd Əsədullazadə: "Rusiya və ABŞ arasında biz qarşıdakı 4 il ərzində ciddi maraq toqquşmasının şahidi olacağıq"

ABŞ Prezidenti Co Bayden postsovet ölkələrini Rusiyadan qoparmaq üçün səylərini aktivləşdirir. Bunu rusiyalı senator Aleksey Puşkov deyib. Onun sözlərinə görə, Vaşinqtonun diqqət mərkəzinə, xüsusilə, Belarus, Özbəkistan, Ermənistan və Qazaxıstan düşəcək: “Bu, qarşımıza müttəfiqlərimiz olan ölkələrdə öz təsirimizin saxlanılması üçün yeni hədəflər qoyur”.

Puşkov Vaşinqtonun Kiyevlə hərbi tərəfdaşlığı gücləndirəcəyini bildirib. Senatorun fikrincə, Ukrayna ərazisində Amerikanın hərbi dəniz bazaları peyda olacaq. ABŞ-ın Ukraynaya hücum silahları verəcəyini iddia edən Puşkov Vaşinqtonun Kiyevi aktiv şəkildə Qərb hərbi strukturlarına inteqrasiya edərək, NATO-nun qeyri-rəsmi üzvünə çevirəcəyini bildirib.



Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında bildirib ki, ABŞ-da demokratların namizədi Co Baydenin hakimiyyətə gəlişi beynəlxalq münasibətlər sistemində Vaşinqtonun rolunu artıracaq:

"Hesab edirəm ki, bununla yanaşı Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi gündəmdədir. Şübhəsiz ki, Co Bayden Rusiyanın fövqəldövlət planının qarşısını almaq üçün Rusiya perferiyasında olan ölkələrlə sıx əməkdaşlıq edəcək. Həmçinin onun Mərkəzi Asiya və Ermənistanla bağlı ciddi planlarının olduğunu düşünürəm. O, ilk növbədə bu ölkələrdə Rusiyanın təsirini azaltmaq üçün çalışacaq, Belarusda da həmçinin. Azərbaycana gəldikdə isə Azərbaycan müstəqil ölkədir və Türkiyə ilə artıq kordinasiyalı fəaliyyət göstərir. ABŞ-la Azərbaycan özü birbaşa əlaqələrə malikdir. Düşünürəm ki, Rusiya və ABŞ arasında biz qarşıdakı 4 il ərzində ciddi maraq toqquşmasının şahidi olacağıq".