Moskvadakı üçtərəfli görüşün nəticəsi olacaq



"Yaxın günlərdə işçi qrupları dövlət başçılarına konkret qrafikləri təqdim edəcəklər" 

"Qarşımızda duran problemlər tədricən aradan qalxacaq. Təbii ki, iqtisadi proseslərin həlli fonunda gələcəkdə siyasi məsələlərin çözümü də realdır"


Ötən həftənin şənbə günü Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin üçtərəfli görüşü baş tutdu. Əvvəldən də vurğulandığı kimi görüşdə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının inşası və başqa iqtisadi məsələlər barədə danışılıb. Üçtərəfli işçi qrupu 10 noyabr və 11 yanvar tarixli üçtərəfli bəyanatların 2, 3 və 4-cü bəndləri üzərində müzakirələr aparıblar. İclasda ekspert alt qruplarının yaradılması barədə razılığa gəlinib. Tərəflər dəmir yolu, avtomobil və kombinə edilmiş daşınmalarla bağlı, təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarət növləri daxil olmaqla, nəqliyyatın təmin edilməsi məsələləri ilə bağlı razılıq əldə ediblər. Üç ölkənin təmsilçisi 2 fevrala qədər alt qrupların formalaşması və fevralın 5-də növbəti görüş barədə razılaşıblar. Görüşün keçirilmə tarixi həmsədrlər tərəfindən razılaşdırılacaq. 

Üçtərəfli təmasla bağlı “Şərq”ə fikirlərini bölüşən AMİP sədri Arzuxan Əlizadə xatırladıb ki, 11 yanvarda Moskvada keçirilən görüşdə tərəflər arasında əsasən kommunikasiya elementlərinin müzakirəsi və həlli məsələsi qoyulub. Partiya rəhbərinin sözlərinə görə, digər mövzular mövcud durum nəzərə alınmaqla bir qədər ertələnib:

“İlkin mərhələdə regionda kommunikasiyaların açılması, nəqliyyat yollarının bərpası və digər iqtisadi problemlərin həlli nəzərdə tutulur. Ermənistanda üçtərəfli təmaslara qarşı çıxan qüvvələr var. Əslində ermənilər dərindən fikirləşsələr, bölgədə kommunikasiyaların bərpası hamıdan daha çox Ermənistanın özü üçün faydalıdır. Kommunikasiya və nəqliyyatın qurulmasının alternativi yoxdur və Ermənistan başda olmaqla bütün region ölkələri üçün əhəmiyyətlidir. Ermənilər faktiki olaraq blokada şəraitində yaşayırlar və çıxış yolu qonşularla normal əməkdaşlıq qurmaq, əsassız iddialardan, işğalçılıq siyasətindən əl çəkməkdir. Naxçıvanla Azərbaycanı birləşdirəcək dəhlizin açılması, eləcə də Türkiyəyə quru yolunun əldə edilməsi, Orta Asiyaya çıxış imkanı sadəcə Azərbaycan və Türkiyə üçün deyil, Ermənistan və Rusiya üçün də olduqca vacibdir. Nəqliyyat marşrutunun açılması hər ölkənin iqtisadi və siyasi maraqlarına cavab verir. Ona görə də bu cür təmaslar labüddür”. 

A.Əlizadə bəyan edib ki, yaxın günlərdə işçi qrupları dövlət başçılarına konkret qrafikləri təqdim edəcəklər:

“Qarşımızda duran problemlər tədricən aradan qalxacaq. Təbii ki, iqtisadi proseslərin həlli fonunda gələcəkdə siyasi məsələlərin çözümü də realdır. Rəsmi Bakı birmənalı mövqeyini dəfələrlə bəyan edib ki, Azərbaycan əraziləri toxunulmazdır və torpaqlarımızda hansısa separatçı qurum, terrorçu şəbəkə fəaliyyət göstərə bilməz. Qarabağın dağlıq hissəsi, yəni ermənilər yaşayan bölgəsi yaxın gələcəkdə Azərbaycanın yurisdiksiyasına daxil olacaq. Bütün siyasi məsələlər rəsmi Bakının dəyişməz mövqeyi kontekstində müzakirə olunur. Ermənistan tərəfində ziddiyyətli fikirlərin olması isə heç nəyi dəyişmir”.