Qazağın deputatı təxribatdan DANIŞDI: “Bəlkə də, atəş açılıb, amma...” 

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən təxribatları davam edir. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 2 fevral tarixində saat 05:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmələri tərəfindən həmin istiqamətdə dövlət sərhədinin müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılmaqla atəşkəs rejimi pozulub. Yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüşün nəticəsindən sonra belə bir addım növbəti müharibənin başlanması ehtimalını artırır.

Məsələ barədə “Sherg.az”a danışan Qazaxdan seçilən millət vəkili, AŞ PA-nın Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov isə yayılan informasiyanın təxribat olduğunu istisna etmir: 

“Məsələni araşdırmaqdayam. Aldığım ilkin məlumata görə belə bir şey olmayıb. Bəlkə də, atəş açılıb, amma başqa istiqamətə. Dəqiqləşdirmələrim davam edir”.