Kəşfiyyatçı-qazi: “Düşmən artilleriya ilə əks-hücuma keçdi və biz...” 

Bir dəfə bir müəllimimdən eşitmişdim ki, tarixi şəxsiyyətlər lazımi vaxtda lazımi yerdə olmağı bacaranlardırlar. Yəni eyni ilə Vətən müharibəsinin döyüşçüləri kimi. Onlar doğma torpağın çağırışına cavab verməyə gecikmədilər.  Və savaşın ilk günlərindən etibarən sinələrini sipər etdilər.  Həmin igidlərdən biri də 1993-cü il mayın 28-də Bakıda anadan olan Ruslan Cəfərovdur. O, orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. İndi ailəlidir və bir övladı var.  Lakin, Vətənin dar günündə evdə qala bilməyib. Ruslan bəy kəşfiyyatçı vəzifəsində siravi əsgər kimi İkinci Qarabağ savaşında iştirak edib. 

O, bu barədə daha ətraflı “Sherg.az”a açıqlama verib: 

“Cəbrayıl, Füzuli, Xocavənd istiqamətlərində döyüşdüm. Kəşfiyyatçı bölüyündə olduğuma görə çox çətinliklər gördüm.
 Ön cəbhədə mübarizə aparırdıq.  Ən ağır əməliyyatlar Hadrutda oldu. 

Oktyabrın 17-də aldığımız xəbərə görə düşmən on maşına yaxın şəxsi heyət və artilleriya ilə yüksəkliklərdən birinə əks-hücuma hazırlaşırdı. 

Əslində düşmənin şəxsi heyəti bizdən çox idi. Amma yüksəkliyə nəzarət vəziyyəti xeyrimizə dəyişdi. Ermənilər həmin  gün günorta 12-1 arası hücuma keçdilər. Artilleriyadan istifadə etmələri bizə çətinlik yaradırdı.

Döyüş zamanı minamyotun zərbəsi məni iki metr uzağa tulladı. Boğaz və əlimdən qəlpə yarası aldım. Yaralanmağıma baxmayaraq, döyüş yoldaşlarıma kömək edirdim.

Çox ağır döyüşlərdə iştirak etsək də, yüksəkliyə nəzarəti itirmədik. Əksinə, düşmən xeyli itki verdi. Həmin gün gecə hospital yerləşdirildim və sonra ordudan tərxis edildim” .