Deputat iradında haqlıdır: “Orijinal səsləri dublyaj etmək xoş deyil”

“Sadəcə bəzi- çətin başa düşülən sözləri altyazı formasında təqdim edə bilərik”

Milli Məclisin dünən keçirilən iclasında millət vəkili Hikmət Babaoğlu bir sıra maraqlı fikirlər səsləndirib. O, həmçinin bildirib ki, Türkiyə filmləri Azərbaycana dilinə tərcümə olunmamalıdır:

 “Onda belə çıxır ki, hər gün televiziya efirində ekspert, şərhçi qismində çıxış edən türkiyəli mütəxəssislərin də fikirlərini tərcümə edib efirə verməliyik? Bu, doğru deyil. Böyük Mirzə Ələkbər hələ öz dövründə buna etiraz edərək, “türkcədən türkcəyə tərcümə də nə demək”, deyə fikir bəyan etmişdi. Bəzi hallarda bununla da ürəyimiz soyumur, qardaş Türkiyə Cümhuriyyətinin adını Türkiyə Respublikası kimi tələffüz edirik. Bu, əsla yolverilməzdir”.
Parlamentari fikrini konkret faktlarla əsaslandırıb: 

“ Bu ölkəni quran böyük Mustafa Kamal Atatürk onun adını Türkiyə Cümhuriyyəti qoyub. Adlarsa tərcümə edilmir! O başqa məsələdir ki, ərəb sözü olan “cəmahiriyyə” və ingilis sözü olan “repablik” eyni mənanı verir. Yaxud “Zeytun dalı” əməliyyatını “Zeytun budağı”, “Barış Pınarı” əməliyyatını “Sülh bulağı” kimi yanlış tərcümələr edirik.

Bunlar dil və dilçilik baxımından da təsdiq edəcəyimiz sənədin strateji məqsədləri baxımından da doğru deyil. Ona görə də fikrimcə, televiziyalarımız türk filmlərini tərcümə edərək efirə verməməlidirlər. Tam əksinə, Türkiyə televiziyaları ilə birlikdə Vətən müharibəsindən bəhs edən filmlər, seriallar çəkməlidirlər”.

 Məsələ barədə fikirlər müxtəlifdir. Tanınmış media eksperti Zeynal Məmmədli isə “Sherg.az”a açıqlamasında etiraza belə münasibət bildirib: 

“Əslində dəqiq söz demək çətindir. Müxtəlif məqamları nəzərə almaq lazımdır. Amma belə bir amil var: Biz, tutalım, Cem Yılmazın, Kemal Sunalın səsinə öyrəşmişik. İndi həmin orijinal səsləri dublyaj etmək, məncə, xoş deyil. Yəni mən tərcümənin əleyhinəyəm. Sadəcə bəzi- çətin başa düşülən sözləri altyazı formasında təqdim edə bilərik”.