Ekspert: “Şuşada zastavaya nə ehtiyac var axı ?"

“Fövqəladə Hallar Nazirliyi, mənə nazir müraciət edib, icazə verin, orada biz Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq, Şuşa şəhərində. Yenə də eyni məqsədlə, yenə də torpaq, hələ ki, orada indi heç kim yoxdur, yenə də hasar, yenə də nə bilim tikanlı məftil, iqamətgah. Dövlət Sərhəd Xidməti”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışından sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirib. O, həmçinin Şuşada hansısa zastavaya ehtiyac olmadığını bildirib: 

“Bu təklifi indi desəm, yəqin ki, mənim kimi indi Azərbaycan xalqı da güləcək. Mənə zəng edib deyir xidmətin rəisi ki, icazə verin biz sərhəd xidmətini Şuşa zastavasında yaradaq.

Dedim ki, a kişi, Şuşada sərhəd var? De də mənə Şuşada sərhəd var, yoxsa yox? Deyir yoxdur. Deyirəm bəs nə zastava yaradırsan?

O boyda indi bizim sərhədimiz yaranıb, ta şimaldan cənuba qədər, Kəlbəcərdən Cəbrayıla qədər, Ermənistanla sərhəd. Cəbrayıl rayonunda İranla sərhəd, get orada yarat da. Şuşada nə işin var sənin?! Yenə də gəlim, oturum, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına, hamısı dövlət hesabına”.



Hərbi ekspert Emin Həsənli bu barədə “Sherg.az”a danışarkən söylədi ki, Şuşanın mövqeyi belə bir zastavanın qurulmasna ehtiyac yaratmır:

“Prezident, Ali Baş Komandanın da dediyi kimi, məsələ artıq bitib. Düzdür, bəzi rayonların, o cümlədən Qubadlı və Zəngilanın Ermənistanla sərhəddi var. Amma dörd bir yandan öz torpaqlarımızla sərhəddir.

Doğrudan da, orda zastavaya nə ehtiyac? DSX-nın işi dövlət sərhədlərini qorumaqdır. Ermənistanla sərhəddə isə onsuz da gücləndirilmiş qaydada fəaliyyət göstərən Qazax zastavası var.

Bizim qazandığımız qələbədə Müdafiə Nazirliyi, DSX, DİN  DTX və digər müvafiq qurumların mühüm rolu olub.

Bu qələbəni qoruyub saxlamaq isə heç də Şuşada yaradılacaq zastavadan asılı deyil. Xatırladım ki, məsələ barədə cənab Prezident öz fikrini çox qəti ifadə edib”.