Təklif alqışlandı:“Parlament televiziyasının yaradılması vacibdir”

“Dünya təcrübəsində də var, bir çox ölkələrdə parlamentin iclasları, cəmiyyətə həmin televiziya vasitəsilə çatdırılır”


Millət vəkili Siyavuş Novruozv parlamentdəki çıxışında Milli Məclisin internet televiziyasının yaradılmasının zəruri olduğunu söyləyib. Həmçinin parlamentdəki ayrı-ayrı partiyalardan olan nümayəndələrin debatının təşkil oluna biləcəyini də əlavə edib: “Milli Məclisin fəaliyyəti ilə bağlı qərəzli fikirlər söylənilir.

Elə məsələlər var ki, parlamentin səlahiyyətinə daxil olmasa da, bunu parlamentin adı ilə bağlamağa çalışırlar. Bu kimi halların qarşısını almaq üçün Milli Məclisin internet televiziyasını yarada bilərik.

Bununla öyrədilmiş insanların böhtanının qarşısını ala bilərik”.

Deputatın fikirlərini “Sherg.az”a şərf edən “Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı parlament televiziyasının yaradılması məsələsinin illərdir müzakirə olunduğunu söyləyib:

“Dünya təcrübəsində də var, bir çox ölkələrdə parlamentin iclasları, cəmiyyətə həmin televiziya vasitəsilə çatdırılır.  İnternet televiziyası isə çox  xərc tələb etmədən, “YouTube” və ya digər platformalar vasitəsilə fəaliyyət göstərə bilər. İnsanlar da parlamentin işindən yararlanarlar.

Bu mənada bir jurnalist kimi yaradılacaq media qurumunun fəaliyyətini alqışlayıram və  ehtiyac olduğunu düşünürəm”.