“Mərkəzi Bankın işində o qədər nöqsanlar var ki...” - Sadalandı

“Pul siyasətində, bank və sığorta nəzarətində olan nöqsanları qeyd edə bilərik”


Dünən Prezident İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak edib. Ölkə başçısı Mərkəzi Bankın sədri Elman Rüstəmovun təmsil etdiyi qurumun Şuşada nümayəndəliyinin açılmasına dair fikirlərinə münasibət bildirib.
Dövlət başçısı E.Rüstəmovun yanaşmasını tənqid edib:

“Mənim münasibətim buna mənfidir. Özü də mən deyim nəyə görə. Birincisi, bu, özbaşınalıqdır. Belə açıqlama veriləndə mütləq rəhbərliklə gərək məsləhətləşmə aparılsın.

Azad edilmiş torpaqların bərpası ilə bağlı mənim tərəfimdən bir çox önəmli qərarlar qəbul edilib, qərargah yaradılıb. Qərargaha Prezident Administrasiyasının rəhbəri rəhbərlik edir.

Mən demişdim ki, bütün təkliflər, bütün təşəbbüslər oraya göndərilməlidir. Çünki biz kim necə istəyir o torpaqları, əraziləri bərpa edə bilmərik. Biri filial açmaq istəyir, biri nə bilim başqa qurum açmaq istəyir. Bu, yolverilməzdir və qəbuledilməzdir.

Ona görə burada subardinasiya olmalıdır. Ucuz populyarlıq qazanmaq üçün, yaxud da ki, özü üçün hansısa bir ofis, yeni ofis yaratmaq üçün belə açıqlamaların verilməsi tamamilə qəbuledilməzdir və buna son qoyulmalıdır.

İndi Mərkəzi Bank insanlara xidmət göstərib ki, orada filial açsın? Kimin üçün filial açacaq? Özü üçün ki, gedib orada otursun, yaxud da ki, gedəndə bunun bir iqamətgahı olsun, şəraiti olsun, oraya pullar xərclənsin və insanların buna hansı xeyri dəyəcək? Heç bir”.

Məsələyə münasibət bildirən bank məsələləri üzrə ekspert Əkrəm Həsənovun sözlərinə görə, ölkə başçısının ilk olaraq Mərkəzi Bank haqqında fikir bildirməsi o demək idi ki, onun əsas narazılığı bu qurumla əlaqəlidir:

“Mərkəzi Bank özünə bina tikmək istəyir, halbuki 2 binası var. Qurumun özünə Şuşada filial açma istəyi də təəccüblüdür. Ölkəmizdə Mərkəzi Bankın ərazi idarələri var. Lakin həmin ərazi idarələri banklara xidmət göstərir. Azad edilən ərazilərdə 1-2 bank olsa belə, orada nə xidmət göstərəcəklər ki?

Ola bilsin ki, gələcəkdə həqiqətən də azad edilən ərazilərin hansındasa Mərkəzi Bankın ərazi idarəsi olsun, amma bunun Şuşada olması vacib deyil. Prezidentimiz də deyir ki, Şuşa mədəniyyətimizin  paytaxtıdır, məmurların yox.

Kəlbəcərdə, Ağdamda, Cəbrayılda da bank binası inşa edilə bilər.

Hesab edirəm ki, Prezident MB-nın fəaliyyətinin digər aspektlərindən də narazıdır. Əslində Mərkəzi Bankın fəaliyyətində o qədər nöqsanlar var ki... Pul siyasətində, bank və sığorta nəzarətində olan nöqsanları qeyd edə bilərik.

Hətta ölkə başçısı 2019-cu ilin noyabr ayında MB-ya tapşırıq verib ki, səlahiyyətlərinə dair qanun layihəsi hazırlasınlar.
Lakin indiyə qədər hazırlamayıblar. Yəqin ki, bu məsələlər tezliklə həllini tapacaq”