Ermənistandan Rusiyaya böyük köç: Təhlükədən qaçırlar... 

"Bundan sonra tək Gümrüdən deyil, Yerevanın özündə də gün ərzində 3-4 reysin Rusiyaya uçuşu həyata keçiriləcək"


Fevralın 1-dən etibarən Rusiya Ermənistanla hava sərhədlərini açdı. Bir sıra mütəxəssislərin fikrincə, bu hadisə ölkədəki ən ağır iqtisadi vəziyyət fonunda Ermənistan vətəndaşlarının “böyük köçürülməsi” ilə nəticələnəcək. Ermənistan parlamentinin deputatı Naira Zöhrabyan bildirib ki, Ermənistanla Rusiya arasında hava uçuşlarının bərpa edilməsi bu ölkə vətəndaşlarının ciddi bir hissəsinin Rusiyaya bilet almaq üçün can atmasına səbəb olub. Ən maraqlısı isə odur ki, alınan biletlərin çox böyük hissəsi tək tərəflidir.

Yəni ermənilər Rusiyaya bir daha geri dönməmək üçün gedirlər. Hətta Qərb ölkələrində də belə bir fikir hakimdir ki, Ermənistan vətəndaşlarının tək dərdi birtərəfli biletə yetəcək qədər pul qazanıb ölkədən getməkdir.

Ermənilərin yaydığı rəsmi statistikaya görə isə son üç ildə 82 min Ermənistan vətəndaşı təkcə Rusiyadan vətəndaşlıq alaraq öz ana vətənləri ilə birdəfəlik üzülüşüblər. Onlardan 31 mini 2002-ci ilin payına düşür. 



Politoloq Mübariz Əhmədoğlu "Şərq"ə açıqlamasında bildirib ki, aeroportda baş verənlər bir daha onu göstərir ki, ermənilər Ermənistandan başqa dünyanın hər yerində yaşamağa hazırdırlar. Politoloq əlavə edib ki, Ermənistan vətəndaşları arasında artıq böyük ajiotaj yaranıb:

"Ölkədə Rusiyaya köçüb getmək istəyən ermənilərin sayı həddindən artıq çoxdur. Ümumiyyətlə, heç bir yerdə "Erməni dövlətinin tarixi" adlı termin yoxdur. Onun qədim tarixində yalnız iki tarix var: Erməni xalqının tarixi, yaxud da ki, erməni kilsəsinin tarixi. Əksərən dövlət rolunda Ermənistanda kilsə iştirak edib. Yəni erməni xalqında genetik olaraq dövlətçilik anlayışı yoxdur. Ona görə də onların günləri harada xoşdursa, ora meyillidirlər, harada təhlükə varsa oradan qaçırlar. İndi Ermənistan respublikası onlar üçün təhlükə kimi görünür. Ona görə də onlar öz dövlətlərini tərk edirlər". 

M.Əhmədoğlu qeyd edib ki, Rusiyanın özündə də demoqrafik problemlər yaşandığına görə, ermənilərin ölkəyə kütləvi axınında maraqlıdır:

"Rusiya koronavirus dövründə cəmi dörd MDB dövləti ilə əlaqələrini açdı. Məhz elə əhalinin rəyini nəzərə alaraq Rusiya açdı ki, ermənilər tədricən Rusiyaya gəlsin. Birincisi, ona görə ki, ermənilər ölkədə qalıb Paşinyana maneçilik törətməsinlər və mitinqə çıxmasınlar. İkincisi isə Rusiya istəyir ki, indi erməni vətəndaşları gəlsin. Çünki Rusiyanın özündə də demoqrafik problemlər var. Yəni Rusiya sərhəddi açdı ki, özü də fayda götürsün. Belə hesab edirəm ki, bundan sonra tək Gümrüdən deyil, Yerevanın özündə də gün ərzində 3-4 reysin Rusiyaya uçuşu həyata keçiriləcək.

Çox güman ki, hər reysdə də gedən erməni birdəfəlik gedəcək və geri qayıtmayacaq. Yəni bununla da 1-2 ilə Ermənistanda təxminən rəsmi olaraq 1 milyon adam qala-qalmaya. Reallıqda isə bəlkə də cəmi 500 min adam qalacaq.