Naxçıvan istiqamətində müharibə gözlənilir? - AKTUAL ŞƏRH

Ancaq Ermənistanın Qarsdakı Türkiyə-Azərbaycan birgə hərbi təlimindən əndişələnməsi anlaşılandır

"Qarsdakı hərbi təlimləri çox ciddi şəkildə geosiyasi mesaj kimi dəyərləndirmək lazımdır"

Qarsda keçirilən Türkiyə-Azərbaycan birgə hərbi təlimləri Ermənistanda ciddi narahatlıq yaradıb. Ənənəvi ortaq hərbi təlimlərdən səksəkəyə düşən erməni cəmiyyəti sosial mediada Paşinyan hakimiyyətini tənqid etməyə başlayıb. Tanınmış ictimai xadimlərin əksəriyyəti siyasi elitanı Qarabağı geri qaytarmaq xülyasına düşməkdənsə, gələcəkdə Naxçıvan istiqamətində ehtiyatlı olmağa çağırıb. İctimai fəal, QHT rəhbəri İrina Danielyan hərbi təlimlərdən videogörüntülər paylaşaraq absurd şəkildə iddia edib ki, yaxın gələcəkdə guya, Naxçıvan istiqamətində genişmiqyaslı müharibə olacaq.



Mövzu ilə bağlı danışan politoloq Natiq Miri "Şərq"ə açıqlamasında bildirib ki, bu, növbəti dəfə Ermənistanın yalan yerə beynəlxalq ictimaiyyəti, həm də daxili auditoriyanı aldatmaq məqsədi daşıyır. Politoloq əlavə edib ki, bu, erməni xislətinə uyğun olan bir davranışdır:

"Naxçıvan istiqamətində hər hansı bir müharibə gözlənilmir. Belə bir müharibənin Azərbaycan Ordusu ilə aparılması Ermənistanın gücü və qüdrəti daxilində də deyil. Yəni bu, absurd olduğu qədər, həm də yalandır.

Birbaşa erməni ictimaiyyətini və beynəlxalq ictimaiyyəti yenə də Ermənistana bu həssas məsələyə yönəltmək xarakterlidir". 

Natiq Miri qeyd edib ki, Qarsda keçirilən hərbi təlimlər əlbəttə ki, Ermənistanı nahaq yerə əndişələndirmir:

"Çünki orada Türkiyə-Azərbaycan qardaşlığı və birliyi mövcuddur. Bu hərbi əməkdaşlıq getdikcə inkişaf etməkdədir. Ona görə də, iki qardaş ölkənin hərbi gücünün birləşdirilməsi həm düşmən Ermənistana, həm də regionda olan geosiyasi maraqları olan qlobal güclərə ciddi mənada bir mesajdır.

Regionda Azərbaycanın və Türkiyənin marağını güdməyən heç bir regional və yaxud qlobal güclərin hansısa geosiyasi mübarizə aparması mümkün deyil. Yəni Azərbaycanın və Türkiyənin içində olmadığı və razılıq vermədiyi heç bir prosesi aparmaq və başa çatdırmaq artıq mümkün deyil. 

44 günlük Vətən müharibəsində əldə olunan qalibiyyət Azərbaycanın çəkisini həm regional, həm də qlobal səviyyədə qaldırdı.

Adicə bir şeyi də diqqətdən qaçırtmayın ki, bu acınacaqlı məğlubiyyətə və ordusunun 80 faizinin darmadağın olmasına rəğmən, hələ də Ermənistan revanşist fikirlərdən vaz keçməyib.

Bu gün Paşinyan hökumətinə alternativ olan bütün müxalif siyasi güclər yalnız gələcək prespektivdə revanş götürmək iddiasını ortaya qoyurlar. Təkcə bu, ictimai rəyə oynama xarakterli açıqlama deyil.

Düşünürəm ki, bu, erməni xislətinin hələ də xəstə təxəyyülünün məhsulu  olaraq mövcudluğudur. Bu da gələcək perspektivdə Azərbaycan üçün müəyyən təhlükələr vəd edir. Biz bunu hələ də təkcə Ermənistanda deyil, Azərbaycan Ordusunun daxil olmadığı Qarabağın yuxarı hissəsində, yəni ermənilərin yaşadığı ərazilərdə yaşayan separatçıların açıqlamalarında da görürük.

Ona görə də, düşünürəm ki, Qarsda keçirilən hərbi təlimlər ciddi mənada həqiqətdən xəstə təxəyyüllü Ermənistana ciddi bir mesajdır, o cümlədən də Ermənistanı dəstəkləyən və dəstəkləmək istəyən bütün güclərə də. Artıq Azərbaycan üzərindən hansısa geosiyasi oyunların aparılmasına imkan verilməyəcək, məhz buna görə də, Qarsdakı hərbi təlimləri çox ciddi şəkildə geosiyasi mesaj kimi dəyərləndirmək lazımdır. Bu məsələni təkcə ordunun peşəkarlığı məsələsi deyil, həm də geosiyasi məsələ kimi dəyərləndirmək lazımdır". 

N.Miri əlavə edib ki, Ermənistanın Naxçıvan ərazisində guya yeni bir müharibə başlayacaq ehtimalı açığı gülüncdür:

"Çünki bu müharibəni apara biləcək Ermənistanda elə bir güc və ordu yoxdur. Azərbaycanın da Ermənistan ərazilərini işğal etmək kimi hər hansı geostrateji planı mövcud deyil. Bunu dəfələrlə Azərbaycan prezidenti xarici mətbuata verdiyi açıqlamalarda da birmənalı olaraq vurğulayıb. Bu gün hələ Azərbaycan Vətən müharibəsində qələbə çalmış olsa da, hələlik Qarabağ probleminin tamamilə həll olunduğunu iddia etmək doğru olmazdı. Düşünürəm ki, bununla bağlı problemlər hələ də var. Bu problemləri Türkiyə ilə birgə hərbi təzyiqləri artırmaqla, paralel olaraq diplomatik siyasi yöndə də aktivliyi artırmağa ehtiyac var.

Yalnız bundan sonra düşünürəm ki, Qarabağ problemini tədricən həll yoluna qoymaq mümkün olacaq".