İngilis alimlər nəticəyə gəldilər

Yeni növ virus öldürücü deyil, ancaq daha çox yoluxdurucudur


Alimlər İngiltərədən 70-dən çox ölkəyə yayılan B117 mutasiyasının koronavirusun əvvəlki dəyişikliklərindən daha şiddətli simptomlara  malik olmadığını bildiriblər.
"Şərq" xarici mətbuata  istinadən xəbər verir ki, 55 min COVİD-19 xəstəsinin məlumatlarını araşdıran tədqiqatçılar mutantın virusun təkrar infeksiya sayında artım yaratmadığını da söyləyiblər.
Bununla yanaşı, bu növün insanlar arasında 50-70 faiz daha yoluxucu olduğu bildirilib. Digər tərəfdən, İngiltərənin Baş naziri Boris Conson 22 yanvar tarixində keçirdiyi mətbuat konfransında ölkədə görülən yeni mutasiyanın daha ölümcül ola biləcəyini iddia etmişdi.
İngiltərə hökumətinin baş elmi məsləhətçisi Patrik Vallance isə B117 mutasiyasının 60 yaşdan yuxarı hər min kişidən 13 və ya 14-nü öldürə biləcəyini bildirmişdi.
"King's College"nin tədqiqatçıları B117-nin orijinal virusdan daha ölümcül olmayacağını və daha yüksək ölüm riskinin digər amillərlə əlaqəli olacağını irəli sürüblər. Professor Tim Spektor mətbuata açıqlamasında bildirib ki, bu yeni virus öldürücü deyil, amma digərlərinə nisbətən daha yoluxucudur.
O qeyd edib ki, bu səbəbdən də məhdudiyyətlərə və sosial məsafə kimi tədbirlərə yenə də əməl etmək çox vacibdir.