Prezident ünvanları göstərdi: "O məmurlar vəzifədən gedə bilərlər"


"Bu həm də cəmiyyətə mesaj idi ki, ictimai nəzarət güclü olsun və insanlar ölkə rəhbərini dəstəkləsinlər"

İşğaldan azad edilən torpaqlarımız 30 ilə yaxın düşmən tərəfindən istismar edilib. Şübhəsiz, bu torpaqların bərpası üçün aylar, hətta illər lazımdır. Eyni zamanda bunun üçün kifayət qədər vəsait də tələb olunur. Buna görə də dövlət başçısı işğaldan azad edilən ərazilər, xüsusilə Şuşa ilə bağlı məsələlərə böyük həssaslıqla yanaşır. Ötən gün Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində yüksək çinli məmurları sərt tənqid etməsi də bundan xəbər verir.

Dövlət başçısı Şuşa şəhərində rəhbərlik etdikləri qurumların şöbələrini açmaq üçün yarışa girmiş məmurlara xəbərdarlıq edib və onlara öz işləri ilə məşğul olmağı tapşırıb. Ölkə rəhbəri Mərkəzi Bankın, AZAL-ın, Gömrük Komitəsinin, "Azəravtoyol"un, FHN-in, Sərhəd Xidmətinin adlarını qeyd edərək lüzumsuz təkliflərə görə sərt reaksiya bildirib. Prezident vurğulayıb ki, Şuşa mədəniyyət paytaxtı elan edilib, “məmurlar şəhəri” deyil: “Biri filial açmaq istəyir, biri nə bilim başqa qurum açmaq istəyir. Bu, yolverilməzdir və qəbuledilməzdir. Ona görə burada subardinasiya olmalıdır. Ucuz populyarlıq qazanmaq üçün, yaxud da ki, özü üçün hansısa bir ofis yaratmaq üçün belə açıqlamaların verilməsi tamamilə qəbuledilməzdir və buna son qoyulmalıdır. Bilirəm, artıq gözlər dikilib ora. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. Amma mən hamısını cəzalandıracağam. Otursun hərə öz yerində, öz işi ilə məşğul olsun”.

Ölkə rəhbərinin Şuşa şəhərinə münasibətdə xüsusi həssaslığı və orada hər hansı sahənin yetkililərinə şöbə və filial açmaq icazəsi vermədiyini sərt şəkildə ifadə etməsi ictimaiyyətdə geniş rezonans doğurub. Prezidentin müsahibəsi sosial şəbəkələrdə çoxsaylı istifadəçilər tərəfindən paylaşılıb və dəstəklənib. 

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev “Şərq”ə deyib ki, Prezident cəmiyyətlə fikrini ilk dəfə bölüşmür. Amma bu qədər kəskin ifadələr ilk dəfə idi ki, səsləndirilirdi. Professorun sözlərinə görə, dövlət başçısı indiyə qədər daha çox ümumi şəkildə yol göstərirdisə, bu dəfə konkret ünvanlara xəbərdarlıq etdi:

“Çox acınacaqlı haldır ki, ölkə başçısı o qədər mürəkkəb və daha aktual məsələlər fonunda bu tip problemlərə də vaxt sərf etmək məcburiyyətində qalır. Sözsüz, Prezidentin açıqlamaları onun cəmiyyətimizə nə qədər yaxın olduğunu göstərir. Hətta dövlət səviyyəsində məsələləri toplumun nəzərinə çatdırmaqla xalqla yüksək önəm və dəyər verdiyini göstərir. Ona görə də əksəriyyət ölkə rəhbərinin fikirlərini bölüşür. Görünür, özünün də vurğuladığı kimi Prezidentin həqiqətən səbri tükənib.

Bu həm də cəmiyyətə mesaj idi ki, ictimai nəzarət güclü olsun və insanlar ölkə rəhbərini dəstəkləsinlər. Dövlət başçısı öz komandasında bu cür şəxslərin olduğunu bəyan etməklə yenilənməyə doğru getmək niyyətində olduğunu da gündəmə gətirdi. Müsahibədəki məqamlar Prezidentin bəzi məqamlarla bağlı narahatlığını xalqla bölüşməsi idi”. 

C.Nuriyevin fikrincə, çoxları adıçəkilən məmurların ciddi cəzalanmasını, vəzifədən uzaqlaşdırılmasını gözləyə bilər. Amma hər şeydən ötrü kadrların üstündən xətt çəkmək olmaz:

“Kim bilir, bəlkə hansısa nazir və komitə rəhbəri həqiqətən zənn edib ki, Şuşada filial açmaqla dövlətə və rəhbərliyə fayda vermiş olar. Əslində Prezident onların cavabını verdiyini özü də söylədi. Üç-beş məmur həddini aşıb və ölkə rəhbəri dərhal onlara hədlərini bildirib. Hər halda Prezident hər şeyi ölçüb-biçəndən sonra öz fikirlərini dilə gətirdi və qurum başçılarına xəbərdarlıq etdi. Yəqin ki, bütün məmurlar bundan nəticə çıxaracaqlar. Nəticə götürməyənləri cəzalandırmaq isə Prezidentin öz səlahiyyətindədir.

Nəyi nə vaxt etməyi dövlət başçısı hamıdan yaxşı bilir”.