İran özünü ABŞ və digər güclərdən qoruyur

Ona görə görüntü yaratmaq üçün Avropa Birliyindən dəstək dilənir

İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın nüvə razılaşmasına qayıtması üçün Avropa Birliyindən dəstək istəyib. Zərif Avropa Birliyinin baş diplomatı Jozep Borrellin ABŞ-ın 2015-ci ildə imzalanan nüvə anlaşmasına qayıtmasında mühüm rol oynaya biləcəyini deyib: “Borrell həm ABŞ-a, həm də bizim atmalı olduğumuz addımların koordinasiyasına kömək edə bilər”.

Məlumdur ki, bir müddət əvvəl İranın uranı zənginləşdirməsi və bundan kütləvi qırğın silahlarının hazırlanmasında istifadə edəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Ancaq İran rəsmilərinin indiki açıqlamaları göstərir ki, rəsmi Tehran Qərblə daha çox razılaşma yolunu tutmaqda maraqlıdır. 

Zərifin təklifini “Şərq”ə dəyərləndirən politoloq Azər Qasımov bildirib ki, əgər 2015-ci ildə imzalanan nüvə anlaşmasının hansı şəraitdə baş tutduğunu yada salsaq, Avropa Birliyindən dəstək istəməkdə Tehran hökumətinin nə qədər ciddi və səmimi olduqlarını anlaya bilərik. Ekspertin sözlərinə görə, İran uzun illər bu müqaviləni imzalamamaq üçün müqavimət göstərib:

“Bu məqsədlə Türkiyə-İran-Braziliya birlikdə müqavilə imzaladılar, lakin Amerika bu müqaviləni tanımadı. İranın istəyi vaxt qazanmaqla uranın zənginləşdirilməsini 20 faizə çatdırmaq idi. Çünki 20 faiz uran atom silahı üçün nüvə materialı hesab edilir. Halbuki, iranlılar tibbi məqsədlər üçün uranı zənginləşdirdiklərini iddia edirdilər. Sabiq prezident Barak Obamanın vaxtında İran nüvə müqaviləsini imzalamağa məcbur edilmişdi. Müxtəlif sanksiyalarla bərabər Fars körfəzinə təyyarə daşıyan gəmilər də göndərmişdi ki, Tehran tezliklə müharibə olacağını düşünsün. Donald Tramp isə bu müqavilədən çıxdı və İranla münasibətlərdə böyük gərginlik yaratdı. General Qasım Süleymani öldürüldü, İran isə Amerika bazalarına raket zərbələri endirdi”. 

Siyasi şərhçinin sözlərinə görə, İranın öz istəyinə qalsaydı, nüvə silahını çoxdan əldə edərdi:

“AB-yə müraciət məcburiyyətdən irəli gəlib. Sirr deyil ki, İran nüvə fəaliyyətini gizli də olsa davam etdirir. Sadəcə, görüntü yaratmaq üçün dünya ictimaiyyətinin gözündən pərdə asırlar. Zərif bilir ki, Co Bayden Trampın geri çəkildiyi bütün anlaşmalara geri qayıdır. Bu baxımdan Baydeni qabaqlayıb “sülhpərvər” siyasət yürütdükləri görüntüsü yaratmaq istəyir. Guya, onların nüvə silahı əldə etmək kimi istəkləri yoxdur”.

A.Qasımov vurğulayıb ki, İranın niyyətini yaxşı başa düşən İsrail Tehranın nüvə alimlərini və obyektlərini həmişə hədəfdə saxlayır:

“İran nüvə silahını nə Amerika, nə də İsraili hədələmək üçün istəyir. Tehran rejimi atom silahına ərəb və türk dünyasından qorunmaq üçün sahib olmaq niyyətindədir. Ərəbləri və türk dünyasını özünə təhlükə görən İran nüvə silahı əldə etməklə çəkindirici gücə sahib olmaq istəyir”.