Biri var, biri yox...

Rusiya modeli də effekt verməyəcək

Mütəxəssislər hesab edir ki, sosial şəbəkələrdə səliqə-səhman yaratmaq çox çətin məsələdir

Rusiyada sosial şəbəkələrdə “uyğunsuz məzmunun bloklanması”nı ehtiva edən qanun qüvvəyə minib.  Fevralın 1-dən qüvvəyə minən qanun “İnformasiyanın Mühafizəsi Qanunu”nun yenilənmiş, əlavələr edilmiş versiyasından ibarətdir. Yeni qanun sosial şəbəkələrin Rusiya seqmenti üçün standartları müəyyən edir və onların fəaliyyət çərçivəsini cızır. İlk növbədə sosial şəbəkələrdə “uyğunsuz məzmun” anlayışına aydınlıq gətirilir. Buraya narkotik maddələrin istehsalını və istifadəsini, uşaq pornoqrafiyasını, intihara çağırışları təşviq edən, cəmiyyətə və dövlətə qarşı  hörmətsizlik, üsyana çağırış və sair tipli xəbərləri ehtiva edən statuslar aid edilir. Paralel olaraq, qanunda sosial şəbəkələrin strukturu da müəyyən olunur.

Vurğulanır ki, auditoriyası 500 min nəfərdən artıq olan insanı əhatə edən platformalar sosial şəbəkə hesab olunurlar və qanunla tənzimlənən platformalar çevrəsinə daxil edilirlər. Bu standartlara daxil olan sosial şəbəkə platformaları üzərlərindən yayılan məzmuna görə məsuliyyət daşıyırlar. Əgər qanunsuz materiallar vaxtında çıxarılmazsa, həm istifadəçilər, həm də şəbəkə resursları ciddi cərimələrlə üzləşə bilərlər. Xatırladaq ki, sosial şəbəkələrin tənzimlənməsi üçün indiyədək dünyanın əksər ölkələrində çoxsaylı təkliflər irəli sürülüb, modellər təqdim edilib. Lakin modern dünya üçün uyğun model formalaşmayıb. 

Mövzu ilə bağlı feysbuk statusunda fikirlərini bölüşən Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli dünya praktikasından misallar gətirib. Bildirib ki, ayrı-ayrı ölkələrdə, xüsusən, Çin, İran və digər dövlətlərdə tətbiq edilən modellər sosial şəbəkələrin tənzimlənməsindən daha çox, onların fəaliyyətlərinin məhdudlaşdırılmasına yönəlib ki, bu da mütərəqqi dünya tərəfindən məqbul sayılmayıb. Onun sözlərinə görə, tənzimləməni demokratik prinsiplər çərçivəsində ehtiva edən təşəbbüslər Almaniyadan gəlib. Amma “alman modeli”nin özü də yarımçıq qalıb, sosial şəbəkələr üçün xarakterik olan problemləri tam əhatə etməyib:

“Türkiyədə 2020-ci ildə qəbul edilən qanun daha əhatəlidir, həm də mütərəqqidir. Türk modeli sosial şəbəkələrin məhdudlaşdırılmasına deyil, standartların müəyyənləşdirilməsinə yönəlib. 9 maddədən ibarət olan bu qanunun əsas tələbi budur ki, xaricdən idarə olunan hər hansı sosial şəbəkənin ölkə üzrə istifadəçilərinin sayı 1 milyon nəfərdən artıq insanı əhatə edirsə, Türkiyədə yerli təmsilçisi təyin edilməlidir. Təmsilçi sosial şəbəkələrdəki təhqir, böhtan, narkotik maddələrin təbliği və ya neqativ paylaşımlara görə məsuliyyət daşımalıdır. Əgər təmsilçi müəyyən edilməzsə, 5 mərhələdə cəza tədbirləri tətbiq oluna bilər.

Amma Türkiyə modeli də sosial şəbəkələrlə bağlı bütün məqamları əhatə etmir. Göründüyü kimi, burada sosial şəbəkə admininin məsuliyyəti müəyyən edilsə də, fərdi istifadəçilərin məsuliyətinə az yer verilir, bütün problemlər əhatə edilmir. Rusiyada fevralın birindən qüvvəyə minən qanun bu baxımdan daha əhatəlidir, ən müxtəlif məqamları əhatə edir. Ehtimal edilir ki, əksər ölkələr bu modeli nümunə olaraq götürməklə, üzərində təkmilləşdirmələr aparacaq, yeni milli qanunlar qəbul edəcəklər”.

M.Ələsgərli vurğulayıb ki, müxtəlif ölkələrdə qəbul edilən qanunlar sosial şəbəkələrin məzmun baxımından tənzimlənməsini ehtiva etsələr də, digər məqamlara aydınlıq gətirilmir:

“Hesab edilir ki, “Google”, “Apple”, “Facebook”, “Amazon”, “Microsoft” və s. platformaların əldə etdikləri gəlirlərin üzərinə vergi tətbiq edilməlidir. Bu şirkətlər dünyada 900 milyard dollar dəyərində gəlir əldə etsələr də, gəlir əldə etdikləri ölkələrin əksəriyyətində vergi ödəmirlər. Digər problem isə ABŞ-da qabardıldı. “Tvitter”, “Facebook” və “İnstagram” keçmiş  prezident Donald Trampı cəzalandıraraq onun hesablarını dondurdular. Səbəb olaraq, yanvarın 6-da Tramp tərəfdarlarının qiyam etməsi göstərilsə də, ortada maraq və qərəzlərinin olduğunu gizlədə bilmədilər. Sosial şəbəkə nəhəngləri o qədər imkan əldə ediblər ki, artıq siyasi gündəmə müdaxilə edir, situasiyanı müəyyənləşdirməyə cəhd göstərirlər. Bu təhlükəni öncədən görən Tramp hələ  2020-ci ilin may ayında “Onlayn senzuradan müdafiə haqqında” sərəncam imzalamışdı. Güman etmək olar ki, yaxın gələcəkdə sosial şəbəkələrlə bağlı bütün məqamları əhatə edən yeni qanunvericilik təşəbbüsləri ortaya çıxacaq”. 

Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli də “Şərq”ə bildirib ki, hazırda həm qonşu ölkələrdə, həm də Qərbdə, o cümlədən ABŞ-da sosial şəbəkələr ən aktual müzakirə mövzusudur. Tanınmış jurnalistin sözlərinə görə, sosial şəbəkələr narahatlıq yaradan platforma hesab olunur:

“İlk növbədə vurğulamaq lazımdır ki, sosial şəbəkələr hüdudsuz imkanlar açdığı üçün cəmiyyətin inkişafı üçün lazımlı sayılır. Reallıq odur ki, indiki dövrdə sosial şəbəkələr olmadan inkişaf etmək, nəyəsə nail olmaq mümkünsüzdür. Dünyanın hər yerində ilkin və ümumi baxış belədir. Amma bununla yanaşı sosial şəbəkələrdə cəmiyyətlərə böyük ziyan vura biləcək təhlükəli məqamlar üzə çıxmaqdadır.

Hər bir dövlət bu cür risklərdən qaçmağın, uzaq durmağın metodlarını axtarır. Şimal qonşumuz Rusiyada cəmiyyət kifayət qədər aktivdir. İctimai fəallar sosial şəbəkə üzərindən ciddi fəaliyyət ortaya qoyurlar. Son aylarda “Tiktok” sosial platforması daha çox populyarlaşıb. Xüsusən, gənclər çox fəallaşdılar. Bu baxımdan indiki məqamda Rusiyadakı qanun dəyişikliyi başadüşüləndir.

İnanmıram ki, müsbət effekt versin, çünki düzgün yol seçilməyib. Mən də tərəfdarıyam ki, sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı qanunlar hazırlansın, tətbiq olunsun. Qanunlar imkan verməlidir ki, konkret halda hansısa şəxsi, yaxud şəbəkəni neqativ əmələ görə müvafiq qanunvericilik müstəvisində mühakimə etmək mümkün olsun. Ancaq belə qanunlardan qətiyyən sui-istifadə edilməməlidir. Kimsə qərəzli şəkildə hədəfə çevrilməməlidir. Hər halda çox incə məsələdir. Əlbəttə, dövlətin və cəmiyyətin inkişafı üçün sosial şəbəkələrdə tənqidi fikirlər, müstəqil ifadələr söylənə bilər. Amma tənqid əsla dövləti və cəmiyyəti parçalamağa, bölücülüyə və separatçılığa xidmət etməməlidir”. 

Y.Məmmədlinin fikrincə, ilk növbədə sosial şəbəkələrə nizam gətirmək lazımdır, konkret çərçivələr müəyyən olunmalıdır:

“Elə etməliyik ki, ilk başdan sosial şəbəkələrdə etik qaydalar nəzərə alınsın, təhlükəli tendensiyalar, narkotika, dini-irqi məqamlar, pornoqrafiya və ümumiyyətlə qadağan olunmuş, cinayət xarakterli çağırışlar orada öz əksini tapmasın. Düzdür, bununla bağlı bir sıra proqramlar var və xüsusi süzgəclər tətbiq olunur.

Məsələn, uşaqlar üçün pornoqrafik və digər ziyanlı proqramları məhdudlaşdıran süzgəclər var. Lakin bu süzgəclər də istənilən nəticəni vermir. Ona görə də sosial şəbəkədə səliqə-səhman yaratmaq üçün daha tutarlı addımlar atılmalıdır. Problem ondadır ki, hələlik bununla bağlı əlimizdə optimal variant yoxdur. İstənilən məhdudlaşdırıcı addımlarda sonradan ciddi boşluqlar üzə çıxır. Almaniya, Fransa və Avropanın digər ölkələri hələ də bu məsələ üzərində baş sındırır.

Həmin ölkələrdə sosial şəbəkə üzərindən qanunsuz hərəkət etmiş şəxsi fərdi qaydada məsuliyyətə cəlb edirlər. Bu isə konkret hal üzrə uzunmüddətli araşdırmadan və məhkəmə qərarından sonra mümkün olur”.