Siyasi etikanı kim pozur - iqtidar, yoxsa müxalifət? - “Arqumenti zəif olanlar...” 

“...Səsini yüksəltməyə, söz kəsməyə, yersiz halda gərginlik yaratmağa çalışır”

“Bunu "İqtidar, yoxsa müxalifət tərəfdən olanlar daha çox edir?" sualının konkret cavabı yoxdu”

“Çünki bu, personalara və situasiyaya bağlıdır”


Azərbaycanda iqtidar-müxalifət dartışmaları həmişə olub. Xüsusilə son aylar siyasi proseslərin inkişaf etdiyi, o cümlədən İkinci Qarabağ müharibəsinin baş verdiyi bir məqamda tərəflər arasında mübahisələr daha da artıb. Ayrı-ayrı qütblərin nümayəndələri bir-birilərini tənqid edir, günahlandırırlar. Biz analoji hallara müxtəlif platformalarda, eləcə də “Yeni Müsavat” media holdinqinin “Youtube” televiziyasında- “Tv Müsavat”da aydın görə bilərik. YAP nümayəndələri ilə fərqli partiya sədrləri bəzən bir-birilərini təhqir etməkdən də çəkinmirlər. Yəni siyasi etika pozulur. Elə isə siyasi mədəniyyətə əməl etməyən hansı tərəfdir: iqtidar, yoxsa müxalifət?

“TV Müsavat”ın moderatoru, tanınan jurnalist Sevinc Telmanqızı bu barədə
“Sherg.az”a danışarkən bildirdi ki, məsələyə təsir edən daha çox obyektiv məqamlardır: 

“Konkret bir personanın və ya düşərgənin üzərinə fokuslanmaq olmaz. Çünki bu, debatın formatından, tərəflərin kimliyindən asılıdır. Unutmaq olmaz ki, bəzən də müzakirə olunan mövzuda daha çox haqlı olan, arqumentləri güclü olan tərəf üstün mövqedə olur. Bu zaman daha zəif arqumentli tərəf səsini yüksəltməyə, söz kəsməyə, yersiz halda gərginlik yaratmağa çalışır.

Bunu "İqtidar, yoxsa müxalifət tərəfdən olanlar daha çox edir?" sualının konkret cavabı yoxdu. Çünki bu, personalara və situasiyaya bağlıdır. Amma müxalifət nümayəndələrinin üzünə heç də bütün kanallar açıq deyil, söz deyəcəkləri ünvanların sayı azdır.

Bu baxımdan “TV Müsavat”dakı efirlərdə onların ən çox  səsləndirdiyi arqument belə olur:

"Onsuz da iqtidar nümayəndələrinin üzünə bütün efir məkanları açıqdır. Barı, burda çox danışmasınlar". Amma mən debatlarda reqlamentə, etikaya əməl olunmasının, qonaqların bir-birinə, aparıcıya və tamaşaçıya hörmət etməsinin tərəfdarıyam.

Bunun üçün də bir aparıcı olaraq əlimdən gələni edirəm”.