SOS !- ASALA üzvləri Qarabağda: “Pis sürprizlər ola bilər” 


“Bu terror təşkilatı müharibədən dərhal sonra yenidən toplaşdı”

“İnqilabi şura “əməkdaşlarını” Qarabağa göndərmək barədə qərar qəbul etdi”

“Monitorinq Mərkəzi də onların qarşısını ala bilməyəcək”

«Əsas mübarizə indi başlayır. Fransada yetişdirilən erməni terrorçular bölgəyə daxil olmağa başlayıb. Ona görə əsla eyforiyaya qapılmamalı və gözümüzü dörd açmalıyıq”.
Bu sözləri ehtiyatda olan türk polkovniki Mithat Işık dünən “Sherg.az”a müsahibəsində deyib
Onun fikrincə, etiraf etmək lazımdır ki, ruslar Xankəndinin Ermənistanda qalmasını istəyirlər və bütün imkanları ilə buna çalışırlar.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Mithat Işıkın xəbərdarlığını “Sherg.az”a şərh edərkən səslənən fikirlərə etinasız yanaşmağın pis sürprizlərə səbəb ola biləcəyini söylədi: 

“Bir neçə ildir fəaliyyətini dayandıran ASALA terror təşkilatı müharibədən dərhal sonra yenidən toplaşdı. İnqilabi şura “əməkdaşlarını” Qarabağa göndərmək barədə qərar qəbul etdi.

Hətta rus sülhməramlıları ilə münasibətin qurulması da nəzərdə tutulub. Laçın dəhlizinin yuxarısındakı Azərbaycan- Ermənistan sərhədinə nəzarət edilməməsi, həmçinin 5 kilometrlik Laçın dəhlizinin açıq qalması istənilən terrorçunun bura gəlməsinə şərait yaradır.

Yaradılan Monitorinq Mərkəzi də onların qarşısını ala bilməyəcək. Həmin qurum sadəcə qarşıdurmanın yaranmaması üçün nəzərdə tutulub, amma Ermənistan şəxsiyyət vəsiqəsinə sahib, mülki geyimli şəxsə heç kim heç nə deyə bilməz. Yəni Monitorinq Mərkəzi də məsələni köklü həll etmir”.

İ.İsmayılın sözlərinə görə, təxribat ehtimalı var:

 “Terrorçular müharibə üçün gəlmirlər. Onların işi terror aktı törətməkdir. Odur ki, Qarabağdakı ASALA üzvləri Azərbaycan ərazisinə keçərək həm hərbçilərə, həm də mülki şəxslərə qarşı terror törədə bilərlər”.