Akarın Avropa turnesi: "Türkiyə aktiv gücə çevrilir" – “Türk əsri” başlayıb!

“Rəsmi Ankara addımlarını dəqiq hesablasa, üç materikin birləşdiyi nöqtədə ən güclü ölkələrdən biri, bəlkə də, birincisi olacaq”

“Əks halda isə təzyiqlərlə mübarizə aparacaq. Türkiyə hazırda çox soyuqqanlı davranır və hibrit siyasət yeridir”

“Yəni həm Rusiya ilə problemlərini həll edir, həm də ABŞ və Avropa ilə münasibətlərini qoruyur”


Türkiyənin milli müdafiə naziri Hulusi Akar Macarıstanda səfərdədir. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Xəbərə görə, onu paytaxt Budapeştin hava limanında Macarıstan müdafiə naziri Tibor Benko qarşılayıb. Nazirlər ilk növbədə paytaxtdakı Türk Şəhidliyini ziyarət ediblər. Buradakı anım mərasimində Hulusi Akar, ardınca isə Tibor Benko Birinci Dünya müharibəsi Qalisiya cəbhəsi şəhidlərinin xatirəsinə ucaldılan abidənin önünə əklil qoyublar. Sonra nazirlər Gül Baba türbəsini ziyarət ediblər.


 Xatırladaq ki, Hulusi Akar dünən Almaniyaya rəsmi səfər edib. Türkiyənin Milli müdafiə nazirinin Avropa türnesi beyinlərdə sual işarəsi yaradır. Türkiyə yeni müharibəyə hazırlaşır, yoxsa? “Yoxsa”lar çoxdur. 



Odur ki, “Sherg.az” olaraq siyasi analitik Turab Rzayevin fikirlərini öyrəndik. Onun sözlərinə görə, Türkiyə özünə “hava yastığı” yaradır:

 “Türkiyənin Qərb ölkələri arasında özünəməxsus yeri var. ABŞ-da yeni adminitrasiyanın qurulmasından sonra beynəlxalq diplomatiyada vəziyyət dəyişib. Rusiya Qərbə qarşı mübarizə aparmaq üçün Türkiyə ilə daha mehriban münasibətlər qurmalı, hətta onun şərtlərinə əməl etməlidir. Bu isə rəsmi Ankaranı regionda daha əhəmiyyətli edir. ABŞ-İran münasibətlərinin çözülməsi rəsmi Tehranın da regional gücünü artırır. Bundan sonra Ərəb ölkələri İsraillə yaxınlaşacaq. Amma İsrailin də daxili vəziyyəti yaxşı deyil. Ona görə Ərəb ölkələrinin çoxu Türkiyə ilə yaxınlaşmağa başlayacaq. Beləliklə, qardaş ölkə aktiv güclərdən birinə çevriləcək. Lakin həm də təhlükələr artacaq. Türkiyənin hazırkı siyasəti də potensial təhlükələri azltmağa hesablanıb. O, dostlarının və ya ortaq maraqları olan ölkələrin sayını artırmaqla ehtimal olunan təzyiqə qarşı mübarizə aparmaq niyyətindədir”.

 T. Rzayev, həmçinin bildirib ki, Türkiyə öz xarici siyasətində tamamilə yeni yol tutub: 

“Rəsmi Ankaranı çox çətin mərhələ gözləyir. Əgər bütün addımlarını dəqiq hesablasa, üç materikin birləşdiyi nöqtədə ən güclü ölkələrdən biri, bəlkə də, birincisi olacaq. Əks halda isə təzyiqlərlə mübarizə aparacaq. Türkiyə hazırda çox soyuqqanlı davranır və hibrit siyasət yeridir. Yəni həm Rusiya ilə problemlərini həll edir, həm də ABŞ və Avropa ilə münasibətlərini qoruyur. Əslində onun belə diplomatiya sərgiləyəcəyi gözlənilmirdi. Çoxları Türkiyənin “tufan qoparacağını” gözləyirdi.  Türkiyə və Rusiya nüfuz bölgüsü uğrunda mübarizə aparsa da, bir-birilərinin rollarını da başa düşürlər. Kreml Türkiyəni qəbul etmək istəməsə də, başqa alternativi yoxdur”.

 Ekspert inkişaf edən proseslərin Azərbaycana təsirindən də danışıb:

“Əlbəttə, Türkiyənin güclənməsi bizim də xeyrimizədir. Bizim gücümüz birliyimizdədir. Bunu Qarabağ müharibəsi zamanı da gördük. Rus və erməni siyasətçilərinin əsas səhvi rəsmi Ankaranın belə fəal olacağına inanmamaları idi. Artıq “Türk əsri” başlayıb. Türkiyə asanlıqla digər ölkələrə inteqrasiya edə bilər. Çünki neft, qaz alıb, başqa məhsullar satır. Bizim də qarşılıqlı əməkdaşlıq edə biləcəyimiz çox böyük sahələr var”.