"Prezidentin tənqid etdiyi məmurların müdafiəsinə qalxıblar” - "Kartlar açılır"

“Savaşı qazanan sərkərdə xalq tərəfindən böyük siyasi imic əldə edir, o, nüfuzunun ən yüksək çağındadır”

“Təbii ki, hansısa sahə tənqid oluna bilər və bu, cəmiyyətin gözü qarşısında olmalıdır”

“Dünənə qədər məmurları tənqid edənlər indi tənqidlərindən geri durublar” 

Bu günlərdə Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibə zamanı dövlət başçısı bəzi yüksək vəzifəli məmurları tənqid edib: “Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm. Ona görə hərə otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin”.

Ölkə başçısı qeyd edib ki, Şuşanın ərazisinin ölçüsü 300 hektardır:

“Mən qoymamışam ki, bir dənə daş daş üstə qoyulsun. Çünki birinci təhlil aparmalıyıq. Ondan sonra o tarixi binaları bərpa etməliyik, necə bərpa etməliyik, bunu mən də deyə bilmərəm, mütəxəssislər deməlidir, biz indi cəlb etmişik

Mən indi o biri məsələni də demək istəyirəm. Mən indi müvəqqəti idarəetmə strukturu yaratmışam. Nəyə görə? Çünki mən görürəm, bilirəm, artıq gözlər tikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun. Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc Prezidentin çıxışını “Sherg.az”a dəyərləndirib:

“Dünyada “məmur” sözü öz-özlüyündə bir fenomendir. Hansı idarəetmə forması və kursun seçilməsindən asılı olmayaraq bu termin bir çox məna daşıyır. Məmur ictimai-siyasi münasibətlər sistemində müxtəlif xarakterli dinamikadan keçir. Yəni ona heç vaxt yalnız yüksək münasibət olmur. Vətən müharibəsində qələbə cəmiyyətdə tələbləri dəyişdi. Yeni milli kimlik, siyasi yanaşmalar və münasibətləri hamı istəyir. Vətəndaş daha yaxşı yaşamağa çalışır, yeni istəklər ortaya gəlir. Qalib xalq anlayışı özündə bir çox məqamları birləşdirir: istəyirlər ki, sosial həyatlarında-əmək haqqı və pensiyalarında qalib bir millətin göstəricilərini əldə etsinlər”.

Z.Oruc qeyd edib ki, ölkə başçısının iradlar bildirməsindən sonra maraqlı bir məqam ortaya çıxıb:

“Dünənə qədər bir qisim qüvvə məmurları tənqid edirdilər, lakin onlar indi sanki həmin adamların müdafiəsinə qalxıb. Savaşı qazanan sərkərdə xalq tərəfindən böyük siyasi imic əldə edir, o, nüfuzunun ən yüksək çağındadır. Bu halda deyilən aralıq mülahizələr, şərh və təhlillərin əsası yoxdur. Təbii ki, hansısa sahə tənqid oluna bilər və bu, cəmiyyətin gözü qarşısında olmalıdır. Bəs, demokratik idarəçiliyin ayrılmaz hissəsi bu deyildimi? İndi həmin adamlar məmurlarla bağlı tənqidlərindən geri durublar”.