“Dərman satışındakı monopoliya aradan qalxmalıdır”

Qubada “Tramadol” həblərini satan şəxslər yaxalanıb. Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisə ilə bağlı araşdırma aparılıb. Rayonun Qırmızı qəsəbə sakini Arsen Abramov saxlanılaraq Quba RPŞ-nə gətirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan verilən məlumata görə, dindirilmə zamanı A.Abramov həmin güclü təsir edici maddələri Şikar adlı şəxsdən əldə etdiyini bildirib. Şöbə əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə Şikar Məmmədov da saxlanılaraq istintaqa təqdim olunub. Həmin şəxs izahatında A.Abramovla tanışlığı olduğunu və həbləri ona satdığını etiraf edib.




Baş verənləri “Sherg.az”a şərh edən “Borçalı” Cəmiyyətinin sədri, həkim-stomatoloq Zəlimxan Məmmədli problemdən çıxış yollarını sadalayıb:

“Bütün bunlar siyasi sistemlə bağlıdır. Dərman satışındakı monopoliya aradan qalxmalı, sağlam rəqabət mühiti yaradılmalıdır. Hər kəs qanun qarşısında bərabər olmalıdır. Məsələnin kökü buradadır, baş verənlərin qarşısını inzibati qaydada almaq mümkün deyil.

“Tramadol” kimi digər dərmanların da ticarət dövriyyəsini siyasi hakimiyyətin ayrı-ayrı qolları idarə edir. Hamı dövlət qarşısında məsuliyyətli olarsa, belə hallar minimuma enər”.