Britaniya ştammı Azərbaycanda yayılsa... - Nəticələr açıqlandı !

"...Səhiyyənin üzərinə çox ağırlıq düşəcək"


İngiltərə alimləri 55 min Covid-19 xəstəsinin məlumatlarını araşdıraraq belə qənaətə gəliblər ki, B117 mutasiyası koronavirusun əvvəlki dəyişiklərindən fərqli olaraq daha şiddətli simptomlara malik deyil. Ancaq bu yeni növ insanlar arasında daha yoluxucudur. "Kings College"nin tədqiqatçıları da iddia edirlər ki, bu virus orijinal virusdan fərqli olaraq ölümcül deyil. 



Britaniyada yeni yaranan ştamm barədə "Şərq"ə danışan allerqoloq-pulmonoloq Ramin Nəriman deyib.Onun sözlərinə görə,Britaniya ştammı koronavirusun digər ştammları ilə müqayisədə aqressivliyi azdır:

"Amma yayılma sürətinin bir neçə dəfə çox olduğu söylənilir. Əslində bu da əhəmiyyət kəsb edən bir nüansdır. Çünki xəstəliyin sürətlə yayılması o deməkdir ki, qısa zaman müddətində xəstələrin sayı çox olacaq. Xəstə sayı çox olduqca artıq onların çeşidlənməsində, xəstəxanalara yerləşdirilməsində bir sıra problemlər  yaranır. Yəni səhiyyə sistemi yüklənir, nəticədə də düzgün istiqamətli yardım göstərilmir və xəstələrin tələf olması artır. Bu baxımdan düşünmək olar ki, əgər koronavirusun Britaniya ştammı yayılsa, yenə də hər hansısa bir problemlərin yaranmasını gözləmək mümkündür. Düzdür, Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, koronavirusun Britaniya ştammının Azərbaycanda yayılması o qədər də gözlənilmir. Amma Azərbaycan da bir dünyəvi ölkədir, yəni digər ölkələrlə əlaqəsi var. Ona görə də, koronavirusun Britaniya ştammının Azərbaycanda yayılmayacağını əvvəlcədən tam şəkildə inkar etmək mümkün deyil. Digər tərəfdən bir şeyə nəzər yetirmək lazımdır ki, koronavirus aşkarlandığı vaxtdan bu yana dəfələrlə mutasiyaya uğrayıb. Mutasiya nəticəsində bəzi ştammlar da aqressivlik azalıb, bəzilərində isə artıb. Gələcəkdə də  Britaniya ştammının belə bir mutasiyaya uğrayıb aqressivlik əldə edəcəyini əvvəlcədən söyləmək mümkün deyil. Əgər Britaniya ştammı doğrudanda sürətlə yayılırsa və mutasiyaya uğrayıb aqressivlik qabiliyyətini artırsa, onda təbii ki, Britaniya ştammına da ehtiyatla yanaşmaq lazımdır".  

Azərbaycanda koronavirusla bağlı vəziyyət gəlincə həkim qeyd edib ki, hazırda vəziyyət çox qənaətbəxşdir:

"Yəni idarəolunan səviyyədədir, sürətlə azalma baş verir. Dünya ölkələrindən, hətta Avropa ölkələri ilə müqayisədə Azərbaycan koronavirusla mübarizədə kifayət qədər ön sıralardadır. Bunu Ümumdünya Təşkilatı da, digər təşkilatlar da dəfələrlə bildirib. Hazırda Azərbaycanda da peyvəndlənmə başlayıb. Habelə, məhdudlaşdırma, karantin qaydaları nisbətən yumşaldılıb. Bütün dünya ölkələrində də karantin qaydaları yumşaldılandan iki-üç həftə sonra müəyyən dərəcədə artım olur , sonra isə stabilləşəmə yaranır. Bu baxımdan da Azərbaycanda yumşaldılmadan iki-üç həftə sonra müəyyən dərəcədə artım olacağını düşünmək olar. Amma düşünmürəm ki, bu say artımı baxımından böyük rəqəmlər olsun, yəni idarəolunacaq səviyyədə olacaqdır. Yeri gəlmişkən, bir nüansı da xatırladım ki, insanlarda belə bir yanlış fikir var ki, vaksinasiyadan dərhal sonra onlar koronavirusa yoluxmayacaqlar və yaxud da ki, xəstələnməyəcəklər. Bu yanlış fikirdir. Yəni koronavirus vaksinasiyası olunduqdan sonrakı  6-8 həftə müddətində  antitellər əmələ gəlir və immunitet formalaşır. Bu müddətə qədər vaksinasiya olunmuş insanların xəstələnməsi və yoluxması mümkündür. Ona görə də, vaksinasiya olunan insan vaksinasiyadan sonrakı iki ay müddətində qorunma qaydalarına riayət etməlidir. Peyvəndin nəticəsi hardasa 4 -8 həftədən sonra görünəcək. Çünki ilkin doza vaksinasiyadan sonra immunitetin formalaşması üçün 6-8 həftə çəkir. Bu müddət ərzində də qorunma qaydalarına, şəxsi gigiyena qaydalarına ara məsafəsinə, maskadan istifadəyə xüsusi diqqət yetirmək lazımdır. Düşünürəm ki, ondan sonra vəziyyət stabilləşəcək".