Navalnının həbsi Rusiyada vəziyyəti gərginləşdirəcək

Qərar Rusiyaya qarşı iqtisadi sanksiyalara və Qərbin siyasi təzyiqlərinə yol açacaq

Moskvanın Simonovski məhkəməsi müxalif bloger Aleksey Navalnı barəsində yeni qərar qəbul edib. Rusiyaya geri dönərkən hava limanında saxlanılan və barəsində şərti cəza verilən Navalnı 3 il 5 ay müddətinə azadlıqdan məhrum olunub. Hakim Natalya Repnikova bildirib ki, müttəhimin ev dustaqlığında keçirdiyi 12 ay təyin edilmiş cəzadan çıxılacaq.

Əgər müdafiə tərəfi qərara etiraz etməzsə, Navalnı 2 ildən çox həbsxanada yatacaq. Qeyd edək ki, Aleksey Navalnının qardaşı Oleq Navalnı da 3,5 il müddətinə azadlıqdan məhrum edilib. Navalnının ailəsi 2008-ci ildən 2013-cü ilə qədər fırıldaqçılıq yolu külli miqdarda pul mənimsəməkdə və qarətdə ittiham olunurdu. Bəzi politoloqların fikrincə, Navalnının həbsi ölkədə onsuz da gərgin olan vəziyyəti bir qədər də kritikləşdirə bilər. 



“Cənubi Qafqaz” Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə “Şərq”ə açıqlamasında bildirib ki, Navalnının həbsi etirazların genişmiqyaslı hal almasına gətirəcək. Analitikin fikrincə, həbs qərarı Kremlin anti-demokratik siyasətinin, öz alternativinə qarşı dözümsüzlüyünün nəticəsidir:

“Qərar Rusiyaya qarşı iqtisadi sanksiyalara və Qərbin siyasi təzyiqlərinə yol açacaq. Navalnını həbs etdirənlər ölkədə etirazların nizamsız olmasında, kortəbii davam etməsində maraqlıdır. Kütləvi etirazlar yeni siyasi böhrana və qarşıdurmalara səbəb ola bilər. Qərbin müəyyən dairələri etirazlara dəstək verməklə Rusiyada yeni siyasi mərhələnin başlanmasına zəmin yaratmaq istəyəcəklər. İstənilən halda vəziyyət gərginləşəcək”.

İsmayıl