Paşinyan ölkəsinin Rusiyadakı səfirini geri çağırıb

Baş nazir bununla Moskvanı su yoluna döndərən qüvvələri neytrallaşdırmaq istəyir

Ermənistan mediasının yazdığına görə, Baş nazir Nikol Paşinyan ölkəsinin Rusiyadakı səfiri Vardan Toqanyanı geri çağırmaq barədə qərar qəbul edib. Məlumata görə, hökumət başçısı Moskvadakı səfirin yerinə öz adamını, “cib diplomatını” təyin etmək niyyətindədir. Ermənistanın Xarici İşlər Nazirliyi isə bildirib ki, ölkənin xaricdəki səfirlərini prezident Armen Sarkisyan təyin edir və ya geri çağırır.

Qeyd olunub ki, hələlik dövlət başçısı Ermənistanın Rusiyadakı səfirinin vəzifədən azad olunması barədə sərəncam imzalamayıb. Xatırladaq ki, Toqanyan 2017-ci il martın 10-da Ermənistanın ovaxtkı prezidenti Serj Sarkisyan tərəfindən Rusiyaya səfir təyin edilib. Ekspertlərin fikrincə, Paşinyan Rusiyadakı əlini gücləndirmək məqsədi ilə Moskvaya sabiq prezident Serj Sarkisyanın təyin etdiyi adamı deyil, özünə yaxın fiquru göndərmək niyyətindədir. 

Səfirlə bağlı xəbərlərə münasibət bildirən politoloq İlqar Vəlizadə “Şərq”ə bildirib ki, “Qarabağ klanı”nı təmsil edən sabiq prezidentlər və köhnə komandanın digər nümayəndələri Moksva ilə münasibətləri aktivləşdirməyə can atırlar. Ekspertin sözlərinə görə, Ermənistanın Rusiyadakı səfiri Toqanyan münasibətlərin qurulması yönündə köhnə komanda üzvlərinə böyük köməklik göstərir:

“Toqanyan “Qarabağ klanı”nı təmsil edən şəxslərin Moskvada müəyyən rəsmilərlə təmasını təşkil edir. Bir növ onların himayədarı, tərəflər arasında rabitəçi rolunu oynayır. Belə vəziyyətdə Paşinyanın öz adamını Rusiyaya səfir təyin etməkdə maraqlı olması anlaşılandır. Yeni erməni səfir köhnə komanda üzvlərinin Rusiyadakı hərəkətlərini izləyəcək, görüşlərə nəzarət edəcək, yeri gələndə isə təmasların baş tutmasına maneçilik törədəcək. Baş nazir ehtiyat edir ki, tez-tez Moskvaya üz tutan eks prezidentlər və onların adamları Kremldəki bəzi dairələrlə əlbir olub Ermənistanda dövlət çevrilişi edə bilərlər. Ona görə də bu cür fəaliyyyətləri mümkün qədər neytrallaşdırmağa çalışır”.