İtaliya-Azərbaycan Universitetinin yaradılması təqdirəlayiqdir


Natiq Cəfərli: "Düşünürəm ki, bu, Bakıda deyil, işğaldan azad edilmiş şəhərlərdən birində açılsa idi daha yaxşı olardı"

“Planlarımız haqqında sizə bir məsələni də qeyd etmək istəyirəm. Əminəm ki, siz bu barədə bilirsiniz. Lakin bu istiqamətdə işlər gedir. Bu məsələ Bakıda İtaliya-Azərbaycan Universitetinin təsis edilməsi ilə bağlıdır. Biz artıq yer ayırmışıq. Artıq universitetin yaradılması ilə bağlı məsələ üzərində işlər başlayıb”.

Bunu Prezident İlham Əliyev fevralın 3-də İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib. Prezident qeyd edib ki, bu məsələ, həmçinin, hökumət səviyyəsində razılaşdırılıb: “Ümid edirəm ki, gərgin çalışsaq, bu il biz bu işə başlaya bilərik.

Çünki bu, bizim dostluğumuzun yaxşı göstəricisi olacaq və eyni zamanda, bu müəssisələri, bu sənaye sahələrini idarə edə bilək deyə bizim iqtisadiyyatın gələcək üçün tələb etdiyi ixtisaslar üzrə gənc azərbaycanlıların hazırlanması və təlim keçməsi məsələsində də çox önəmlidir. Bu, həmçinin, ölkələrimiz arasında sıx dostluq əlaqələrinin güclənməsinə də kömək edəcək”.

"ReAL" Partiyasının təmsilçisi Natiq Cəfərli "Şərq"ə açıqlamasında deyib ki, İtaliya-Azərbaycan Universitetinin yaradılması çox təqdirəlayiqdir. Ekspert bildirib ki, əvvəl bu barədə təkliflər də edilib ki, nüfuzlu universitetlər Azərbaycanda açılsın:

"Amma düşünürəm ki, bu, Bakıda deyil, işğaldan azad edilmiş şəhərlərdən birində açılsa idi daha yaxşı olardı. Yəni erməni işğalından azad edilmiş şəhərlərimizdən birini tələbə şəhərinə çevirmək lazımdır. Bu həm əlavə iş yerləri, iqtisadi fürsətlər, həm də "ağıllı məskunlaşma" demək olardı".
 
Aynurə Pənahqızı