Fədayəni təklədilər: “...Öz ağlının ucbatından ora düşüb”

Manaf Ağayev:“Bir kəlmə denən ki, əmioğlu, mənim üçün belə yaxşılıqlar etmisən”

Fədayə Laçın: “Nəvələrinin xeyir işində əvəzini çıxaram. Özü də necə lazımdır”

Rəqsanə İsmayılova: “Moskvaya gətirmişəm, ona konsert təşkil etmişəm. Burda başlayıb, işləyir, pul qazanır”

“Amma hələ eşitmədim, ya özü, ya da bacısı desin ki, Allah Rəqsanənin balasını saxlasın”


Tanınmış müğənni Manaf Ağayev prodüser Tarix Əliyevin “Günə bir şou” verlişində qonaq olarkən iddialı açıqlamalar verib. O, həmkarı Fədayə Laçından incidiyini dilə gətirərək tənqidlərə məruz qaldığı zaman ona dəstək olmadığını söyləyib:

“Fədayə Laçın həbs olunanda gecə zülüm-zülüm ağladım. Dedim ki, axı zindan onun yeri deyil. Özümü atdım odun-alovun içinə. Mənə Fədayə lazım idi?! Fədayə ilə heç bir münasibətim olmayıb. Toylarda rastlaşmışıq, salam-sağol etmişik. Nə isə... Həmin ərəfə evlərinə getdim, bacısına, oğluna, anasına dedim, narahat olmayın. Nə lazımdırsa, edəcəyik. Özüm də pul qoydum, dostlarımdan da dəstək aldım. İki il onlara köməklik etdim. Bir gecə də səninlə birlikdə( Toliki nəzərdə tutur) hamını çağırdıq ki, pul lazımdır. Düzdür, sağ olsun çıxdı, dilə gətirdi. Amma, ay Fədayə, zindandan ağır gün yoxdur. Sən İnstaqramda bütün gün canlı yayımdasan, bir kəlmə deyə bilməzdin ki,ay əmioğlu, belə şeylərə fikir vermə, hamı səni tanıyır?! Bu bəs idi. Manafı tərifləmə, tərifləsən söyəcəklər. Onsuz da burdan işləyirlər, yazırlar. Bir kəlmə denən ki, əmioğlu, mənim üçün belə yaxşılıqlar etmisən”.
 M.Ağayevin bu fikirləri səsləndirdiyi videonu Tolik İnstaqram səhifəsində paylaşıb.

“Sherg.az”ın məlumatına görə Fədayə Laçın M.Ağayevin ittihamlarını cavabsız qoymayıb. O, paylaşımın şərh bölməsində bunları yazıb:

“Manaf haqda həmişə yaxşı fikirdə olmuşam. Daim deyirəm ki, Manaf kişi oğlu kişidir. O, dar günün dostudur. Lakin bunu sosial şəbəkələrdəmi səsləndirmək lazım? Həm də, ay Manaf, o aralarda səni qınayanlar elə məni də qınayırdılar. Nə isə... Allah can sağlığı versin. Nəvələrinin xeyir işində əvəzini çıxaram. Özü də necə lazımdır”.

Qalmaqala digər müğənni Rəqsanə İsmayılova da qoşulub. O da rəy yazaraq Fədayə Laçından şikayətlənib:

“Manaf o qədər düz danışır ki, Allah sənin balaların saxlasın. Mən də Fədayə Laçına çox kömək etmişəm. Tutulmazdan əvvəl onunla münasibətim olmayıb. Sadəcə həbsini eşitmişəm, evlərinə anamla kömək göndərmişəm. Özü də necə lazımdır. Sonra gecə saat 3-də neçə dəfə pul yollamışam. Moskvaya gətirmişəm, ona konsert təşkil etmişəm. Burda başlayıb, işləyir, pul qazanır. Amma hələ eşitmədim, ya özü, ya da bacısı desin ki, Allah Rəqsanənin balasını saxlasın, sağ olsun. Mənim heç kimə borcum yoxdur. İnsan necə dar günündə yanında olanın yaxşılığını unudar?Gördüm ki, yaxşılıq edib belə olmaqdansa, etməmək gözəldir. Fədayəyə pul yığılırdı, müğənni yoldaşlarıma zəng vurdum ki, gəlin kömək edək. Əksəriyyəti məni acıladı ki, o öz ağlının ucbatından ora düşüb. Ağlı var idi səhv etməyəydi.Yenə də ürəyim dözmədi. Bacısı İlahəyə dedim, nə lazım olsa, yardım edəcəm, etdim də. Lakin hər şey unuduldu. Nə isə... əsas odur əməllərimizi Allah görür”.