“İnsanlar öz təhlükəsizlikləri naminə təmkinli olmalıdırlar”

Bu gün Prezident İlham Əliyev Vüqar Süleymanovu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Dövlət başçısı çıxışında bir sıra mühüm məqamlara toxunub. O, həmçinin insanlara səbrli olmağı məsləhət görüb: “Azad edilmiş torpaqlarda son günlərdə və müharibədən sonra əfsuslar olsun ki, bədbəxt hadisələr baş verir. Mən Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, onlardan xahiş edirəm ki, azad olunmuş torpaqlara icazəsiz, qanunsuz getməsinlər”. 


Dövlət başçısı, həmçinin bildirib ki, adi bir diqqətsizlik böyük faciə ilə nəticələnə bilər:

 “Mən insanların bu addımlarını bir tərəfdən başa düşürəm, onlar uzun illər vətən həsrəti ilə yaşamışlar, hər bir keçmiş məcburi köçkün tezliklə öz doğma torpağına, doğma kəndinə qayıtmaq istəyir, ancaq xahiş edirəm ki, gözləsinlər. Bir qədər gözləsinlər ki, minalardan təmizləmə işləri başa çatsın. Çünki bu, böyük təhlükədir, həm piyadalara, həm avtomobillərə böyük təhlükədir. Müharibədən sonra bir neçə belə bədbəxt hadisə baş verib, insanlar həlak olub, yaralanıb. Eyni zamanda, postlarda dayanan əməkdaşlar da nəzarət işlərini daha ciddi təşkil etməlidirlər ki, azad edilmiş torpaqlara qanunsuz, icazəsiz gedişə son qoyulsun”.

Əlbəttə, dövlət başçısının çıxışında toxunduğu bu məqamlar hər şeydən əvvəl insanların təhlükəsizliyi üçündür. Millət vəkili Cavid Osmanov bu barədə “Sherg.az”a danışarkən bildirdi ki, vətəndaşlar mümkün qədər soyuqqanlı davranmalıdırlar: 

“İkinci Qarabağ müharibəsində Azərbaycan qələbə qazandı. Biz ərazi bütövlüyümüzü təmin etdik. Əlbəttə, bu günləri həsrətlə gözləyirdik. Odur ki, vətəndaşlarımızın doğma torpaqların qayıtmaq istəyi başa düşüləndir.

Amma o torpaqların bundan sonra əbədi bizim olacağını nəzərə almaq lazımdır. Şuşanı və digər yerləri heç kim bizim əlimizdən ala bilməz. Sadəcə insanlar öz təhlükəsizlikləri naminə səbrli və təmkinli olmalıdırlar.

Təəssüf ki, bir neçə dəfə mina partlması nəticəsində mülki şəxslər həlak olublar.

Yəni diqqətli davranmalıyıq. Eyni zamanda əgər məsləhətlərə, xəbərdarlıqlara əməl etsək, yenidənqurma işləri də sürətlə gedər, idarəetmə sistemi daha operativ yaranar”.