Elman Nəsirov:“Müxalifət rusları işğalçı adlandırır...”- Üz-üzə

"...Həmin siyasətçilərdən çıxış yolu soruşuram, deyir ki, hamımız gedib ölək"


Sərdar Cəlaloğlu: “İqtidar bəzi məsələləri şişirdir"

"Bəzən isə müəyyən probemləri həll etməyə hazır olmadıqlarına görə bizimlə razılaşmırlar”

İqtidar və müxalifət arasında zaman-zaman olan çəkişmələr, mübahisələr çoxlarına məlumdur. Hakim Yeni Azərbaycan Partiyasınn (YAP) nümayəndələri ilə digər müxalif partiya sədrləri bir çox hallarda tənqidə dözümsüzlük nümayiş etdirir və siyasi etikanı pozurlar. “Yeni Müsavat” media holdinqinin əməkdaşı, “TV Müsavat”ın moderatoru Sevinc Telmanqızı bu barədə “Sherg.az”a danışarkən siyasi mədəniyyətin pozulmasını obyektiv məqamlarla əlaqələndirmişdi: ““Konkret bir personanın və ya düşərgənin üzərinə fokuslanmaq olmaz.

Çünki bu, debatın formatından, tərəflərin kimliyindən asılıdır. Unutmaq olmaz ki, bəzən də müzakirə olunan mövzuda daha çox haqlı olan, arqumentləri güclü olan tərəf üstün mövqedə olur. Bu zaman daha zəif arqumentli tərəf səsini yüksəltməyə, söz kəsməyə, yersiz halda gərginlik yaratmağa çalışır”. Əslində belə cavab təbiidir. Hər halda həmkarımız neytrallığı qorumağa çalışıb.


 Odur ki, problemin aktuallığını nəzərə alaraq müxtəlif qütblərin nümayəndələrinin fikirlərini öyrəndik. YAP-çı deputat Elman Nəsirov dedi ki, müxalifət çox zaman reallığı qəbul etmək istəmir:

 “Hərtərəfli və dərin islahatlar kursunun əsas tələblərindən biri də siyasi konfiqurasiyanın formalaşmasıdır. Biz parlamentdəki mənzərəyə baxaraq bunu aydın görə bilərik. Belə ki, Milli Məclisdə  səkkiz müxalif partiyanın nümayəndəsi var. Aparılan araşdırmalar nəticəsində mövcud partiyalardan 21-nin legitim olmadığı müəyyənləşib. Məsələ ondan ibarətdir ki, bəzən eyni cinahdan olan iki partiya nümayəndəsi ortaq məxrəcə gələ bilmirlər.

Amma İkinci Qarabağ müharibəsi zamanı 51 siyasi partiyanın ümumilli maraqlardan çıxış etməsi tarixi nailiyyətdir. Mən, demək olar, müxalifətin bütün rəhbərləri ilə debatlarda iştirak etmişəm. Məqsəd baş verənlərə konstruktiv mövqe sərgiləməkdir. Əlbəttə, inkişaf üçün tənqid lazımdır. Lakin tənqid məntiqli olmalı və alternativ çıxış yolu göstərilməlidir.

Ağıllı təklif hər zaman qəbul olunur. Müxalifət bəzən baş verənləri ancaq qara görmək istəyir. Onlar üçün “palitrada” başqa rəng yoxdur. Məsələn, opponentlərimiz rus sülhməramlılarını işğalçı adlandırırlar. Həmin siyasətçilərdən çıxış yolu soruşuram. Biri deyir ki, hamımız gedib ölək. Digəri beynəlxalq təşkilatlara müraciəti təklif edir. Axı məntiqsizdir...Beynəlxalq təşkilatlar kömək edən olsalar, indiyədək çoxdan edərdilər”.

E.Nəsirov, həmçinin sosial şəbəkələrdəki müəyyən qüvvələrin fəaliyyətinə də toxundu:

“Prezident deyib ki, nəyi, nə zaman, necə etmək lazım oduğunu mən bilirəm. Dövlət başçısı bu fikrini əməli işlə, qazandığı tarixi qələbə ilə təsdiqləyir. Dünya onu böyük lider, mahir diplomat kimi qəbul edir. Deməli, Prezidentə inanmaq lazımdır. Bu qədər ciddi problemi həll etmişiksə, digər çatışmazlıqların da aradan qaldırılacağına şübhə yeri qalmamalıdır.

Müxalifət nümayəndələrinin fikirləri arasında ziddiyət olur. Bu gün üç minə yaxın şəhidə görə ürək ağrısı keçirən partiya sədri sabah deyir ki, hamımız gedib, ölək. Çox məntiqsizdir. Belə sitatlar ucuz populizmdən başqa bir şey deyil. Sosial şəbəkələrdə gecə-gündüz şər-böhtan yazanlar var. Bəlkə, heç xanımları da onları kompüter arxasından qaldıra bilmir. Həmin adamlara demək istəyirəm ki, ağıllarını başlarına yığsınlar. Çünki Cinayət Məcəlləsinin 147-ci maddəsi böhtan, 148-ci maddəsi təhqirlə bağlıdır. Bizim qazandığımız tarixi zəfərə kölgə salmaq lazım deyil”.



Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə düşünür ki, kobud ifadələrdən uzaq durmaq üçün intellekt olmalıdır: 

“Siyasət elmini, nəzəriyyəsini bilmək lazımdır. İnsanlar  siyasi terminlərlə fikirlərini ifadə etməyi bacarmalıdırlar. Belə olsa, məişət ritorikasına, o cümlədən söyüşə ehtiyac qalmaz. Mahatma Qandi deyirdi: “Söyüş və lənət bizi məqsədimizə çatmağa qoymur”. Söyüşə üstünlük verənlər anlamalırlar ki, onlar heç nəyə nail ola bilməzlər. Tənqidə dözümlülük isə qarşılıqlı olmalıdır. Tənqid etmək problem deyil. Əsas məsələ odur ki, böhtana, yalana yol verilməsin, faktlar şişirdilməsin. İqtidar bəzi məsələləri şişirdir. Bəzən isə müəyyən probemləri həll etməyə hazır olmadıqlarına görə bizimlə razılaşmırlar”.