Moskva görüşü: Qazağın 7 kəndi müzakirə olunacaq?

“Bu kəndlərin azad edilməsi avtomatik bir prosesdir”

“Əhalini də maraqlandıran suallardan biri budur”

“Sərhədlərin tam demarkasiyayası olmadan regional kommunikasiya marşrutlarının və  transkommunikasiya xətlərinin işə düşməsi qeyri-mümkündür”


Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan hökumət başçısının müavini Mqer Qriqoryan və Rusiya Nazirlər Kabineti sədrinin müavini Aleksey Overçuk fevral ayı ərzində görüşəcək. Bu barədə Ermənistan baş nazirinin müavini M.Qriqroyanın ofisindən məlumat veriblər. Baş nazirlərin müavinlərinin birinci görüşü yanvarın 30-da Moskvada keçirilib. Növbəti görüşdə də bəzi məsələlərin müzakirəsi planlaşdırılır. Lakin cəmiyyətimizi maraqlandıran əsas məqamlardan biri Qazaxın 7 kəndinin işğaldan azad edilməsidir. 

Maraqlıdır, görüş zamanı bu məsələ müzakirə edilərək həllini tapa bilərmi?



Siyasi şərhçi Elçin Alıoğlu “Sherg.az”a açıqlamasında bildirib ki, baş nazir müavinlərinin Moskva görüşü çox önəmlidir:

“Çünki bu görüşdə sadəcə regional sturukturun dəyişməsi müzakirə edilmir. Görüş Cənubi Qafqazın bütün subregional və iqtisadi kommunikasiyalar xəritəsinin dəyişməsinin ilkin mərhələsidir. Məhz bu baxımdan toplantının əhəmiyyəti çox böyükdür. 18-19-cu əsrlərdə iqtisadiyyat siyasət idisə, indi siyasətin özü bir iqtisadiyyatdır. Ona görə də baş nazir müavinlərinin görüşünün əsası üçtərəfli bəyanatla qoyulub”.

E.Alıoğlu qeyd edib ki, görüş zamanı Ermənistan-Azərbaycan dövlət sərhəddinin demarkasiyası müzakirə predmeti ola bilər:

“Qazaxın 7 kəndinin qaytarılması, daha doğrusu işğal altında olan Azərbaycan ərazilərinin azad edilməsi avtomatik bir prosesdir. Əhalini də maraqlandıran suallardan biri budur. Sərhədlərin tam demarkasiyayası olmadan regional kommunikasiya marşrutlarının və  transkommunikasiya xətlərinin işə düşməsi qeyri-mümkündür.

Heç bir ölkə sərhəddində münaqişəli region olan bir dövlətlə milyardlara dollarlıq anlaşma imzalamaz. Azərbaycan istisnadır. Çünki ölkəmiz ərazisinin 20 faizinin işğal altında olmasına rəğmən “Əsrin müqaviləsi”ni imzaladı. Bunun da səbəbi Azərbaycanın stabil dövlət olmasıdır. Ermənistan haqqında isə bunu demək olmaz, çünki qeyri-stabil və parlament ölkəsidir.

Bu baxımdan sərhədlərin demarkasiya prosesi başa çatmadan kommunikasiyalar işə düşməyəcək. Böyük dövlətlər problemin qısa müddətdə həllində maraqlıdırlar”.