Məlumat var: “Qarabağdakı ermənilər tərksilah edilməyib” 

“Bu da bütün normalara ziddir”

“Montorinq qrupu işə başlayıb, bundan sonra həmin məsələlər də öz həllini tapacaq”

“Azərbaycan ərazisində ancaq bir silahlı qurum qala bilər, o da ölkəmizə tabe olan silahlı qurumlardır”


Ermənistan Azərbaycan ərazilərindən çəkilməyə davam edir. Ermənistan KİV-lərinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri Xankəndidən çıxarılıb. Əsasən, “9K33 Osa”, “9K35 Strela-10” özüyeriyən zenit raket kompleksləri və “9K38 İqla” zenit-raket kompleksindən ibarət sistemlər Ermənistanın Gorus şəhərinə aparılır. Hərbi kolonu Rusiya sülhməramlıları müşaiyət edir. Azərbaycan Ordusu 44 günlük döyüşlər zamanı düşmənin Hava Hücumundan Müdafiə Sisteminin böyük hissəsini darmadağın etdiyindən bölgədən çıxarılan hərbi texnikanın sayı cüzidir.



Məsələni “Sherg.az”a dəyərləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, baş verənlərdə Ali Baş Komandan İlham Əliyevin uzaqgörənlik və müdrikliyi bir daha sübut edildi:

“Monitorinq qrupunun bir üzvü kimi qardaş ölkənin yer alması Azərbaycanın maraqlarına cavab verir. Bir müddət bölgədəki ərazilər Rusiya sülhməramlılarının nəzarəti altında oldu. Artıq Türkiyə-Rusiya monitorinq qrupu fevralın 1-dən fəaliyyətə başladı. Lakin monitorinq qrupu yaranana qədər Rusiyanın maraqlarımıza zidd olan hərəkətlərini gördük. İlk növbədə Laçın dəhlizi nəzartəsiz qaldı. Rus sülhməramlılar Ermənistan Xarici İşlər nazirinin separatçı rejimin rəhbəri ilə görüşməsinə şərait yaratdı”.

Polkovnik qeyd edib ki, monitorinq qrupu fəaliyyətə başlayandan bəzi məsələlər öz həllini tapır:

“Məhz separatçı rejimin silahları və digər hərbi texnikaları ərazilərimizdən çıxarılır. Azərbaycan ərazisində ancaq bir silahlı qurum qala bilər, o da ölkəmizə tabe olan silahlı qurumlardır.

Hələlik sülhməramlı qüvvələrin yerləşdiyi və Azərbaycan tərəfinin bir müddət nəzarət etmədiyi ərazilərdə məhz silahlı insanlar haqqında məlumatımız var. Onlar tərksilah edilməyib. Bu da bütün normalara ziddir. Fikrimcə, montorinq qrupu işə başlayıb, bundan sonra həmin məsələlər də öz həllini tapacaq”.

Ş.Ramaldanov vurulayıb ki, Rusiya sülhməramlı qüvvələri də Ermənistanın hərbi havadanlıqlarının daşınmasına nəzarət etmirlər:

“Onlar bunu yerinə yetirmirlərsə, hansısa şəxslər qanunlarımıza zidd şəkildə silah daşıyırsa, bu, sülhüm bərqərar edilməsinə maneçilik törədir. Belə olan halda təxribatlar ola bilər. Azərbaycan tərəfi bölgədə yaşayan ermənilərə hücum çəkib təhlükəli addım atmaq niyyətində deyil. Ona görə də ermənilərin özlərini qorumağa ehtiyacı yoxdur.

Silahlar daşınsa, ermənilər tərkisilah edilsə, sülh prosesi sürətlənəcək”.