Hərbi doktrinanı tez-tələsik dəyişdirmək olmaz

"Müharibə bitib və biz Ermənistanla dövlət sərhədlərimizin formalaşmasının aktiv fazasındayıq. Öncə bu proseslər başa çatmalıdır"

"Proseslərin sonunu gözləmək və real nəticələr əldə olunduqdan sonra hərbi sənədə baxmaq daha məqsədəuyğundur"


Azərbaycanın Hərbi Doktrinasının dəyişdirilməsi məsələsi yenidən gündəmə gəlib. Parlamentin ötən iclasında çıxış edən millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc hərbi doktrinanın 11 il əvvəl Ermənistanın Azərbaycan ərazilərini işğal faktı üzərində tərtib olunduğunu deyib. Parlamentari vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra dövlətimizin daxildə, regionda və dünyada yeni güc amilinə çevrildiyi bir dövrdə hərbi doktrinanın yenidən hazırlanmasına ehtiyac yaranıb:

“İşğaldan azad olunan ərazilərimiz ölkəmizin istər sərhəd, istərsə də müdafiə qabiliyyətini artırıb, geosiyasi çəkisini və mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Təkcə o faktı nəzərə alaq ki, Kəlbəcərdən Zəngilana qədər olan sərhəd xətti 600 km-dən artıqdır və hərbi birləşmələrimizin tam nəzarəti altında olması yeni coğrafi-hərbi yüksəkliklərin, fərqli geosiyasi üstünlüklərin qazanılması deməkdir. İndi “hərbi doktrina”mızda yeni hərbi hədəflər və mənafelər, strateji planlar, qazandığımız yeni müttəfiqlər fonunda hərbi əməkdaşlıq siyasətinə yenidən baxış tələb olunur. Biz Vətən müharibəsinin gedişində ölkəmizə açıq dəstək verən dövlətləri də gördük, “ikinci cəbhə” açmaq üçün gözləmə rejimində olanları da”. Z.Oruc yeni doktrina çərçivəsində Azərbaycanda hərbi bazaların yerləşdirilməsinin mümkünlüyünü də deyib. Qeyd edək ki, Azərbaycanın Hərbi Doktrinası 2010-cu ilin 8 iyununda qəbul edilib. Məsələ ondadır ki, çox zaman siyasətçilərimiz hərbi baza mövzusundan danışarkən bunun mümkünsüzlüyünü Qoşulmama Hərəkatına üzvlüklə əlaqələndirirlər. Halbuki, 2010-cu ildə təsdiqlənən doktrinaya görə, hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə, Azərbaycan öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə müvəqqəti icazə vermək hüququnu özündə saxlayır.

Hesab edilir ki, postmüharibə dövründə də Azərbaycan üçün risklər qalmaqdadır. Ona görə hərbi doktrinaya bir sıra dəyişikliklər edilməsi mümkündür. 

Hərbi ekspert, ehtiyatda olan zabit Ədalət Verdiyev “Şərq”ə açıqlamasında vurğulayıb ki, hərbi doktrina ölkənin hərbi sahədə fəaliyyətini tənzimləyən əsas sənədlərdən biridir. Ekspert regionda hərbi-siyasi vəziyyətin dəyişməsi ilə bağlı doktrinaya yenidən göz gəzdirilə biləcəyini istisna etməyib. Lakin vurğulayıb ki, belə mühüm sənədləri üç-beş gün içində dəyişdirmək olmaz:

“Vətən müharibəsində qələbəmizdən sonra regionda yeni vəziyyət formalaşıb. Bu da müdafiə və hücum sahəsində gələcək planlarımıza yenidən baxılmasını zəruri edir. Lakin hərbi doktrinanı tez-tələsik dəyişdirmək olmaz. Müharibə bitib və biz Ermənistanla dövlət sərhədlərimizin formalaşmasının aktiv fazasındayıq. Öncə bu proseslər başa çatmalıdır. Ermənistanla yekun və konkret sülh müqaviləsi imzalandıqdan və düşmən ölkə sərhədlərimizi rəsmən tanıdıqdan sonra Azərbaycan hərbi doktrinasında dəyişikliyə gedə bilər. Tələsməyə lüzum görmürəm. Hərbi doktrinalar tez-tez redaktə edilə biləcək sənəd deyil. Proseslərin sonunu gözləmək və real nəticələr əldə olunduqdan sonra hərbi sənədə baxmaq daha məqsədəuyğundur”.