Sosial medianı tənzimləmək mümkün deyil

Ekspertlərin fikirləri haçalandı, bu platformaya görə, ümumiyyətlə, xəbərin kimə aid olduğu bilinmir

Milli təhlükəsizliyin əsas komponentlərindən biri informasiya təhlükəsizliyidir. Xüsusilə də, internet resurslarından istifadənin qlobal xarakter aldığı – geniş yayıldığı, informasiya inklüzivliyinin mövcud olduğu müasir dövrdə milli informasiya məkanının qorunması strateji vəzifələrdən biri kimi qabarır. Ümumiyyətlə, sosial medianın imkanlarının genişlənməsi informasiya təhlükəsizliyi anlayışına yeni məzmun gətirir və bu istiqamətdə milli maraqlardan irəli gələn addımların atılması vacib amilə çevrilir.

Belə bir şəraitdə, heç şübhəsiz, transmilli şirkətlər olan “Facebook”, “Twitter” və digər platformalarda münasibətlərin hüquq müstəvisində tənzimlənməsi olduqca mühüm məsələlər sırasında yer alır. Təbii ki, biz ayrı-ayrı ölkələrin nümunəsində bu istiqamətdə müxtəlif təşəbbüslərin irəli sürüldüyünü  və addımların atıldığını müşahidə edirik.  Məsələ vaxtilə ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Onlayn senzuradan müdafiə barədə” sərəncam imzaladı. Həmin sərəncamda bir çox məqamlar xüsusilə diqqəti cəlb edirdi. Birinci nüans o idi ki, nəhəng sosial media şirkətləri öz maraqlarına uyğun olmayan fikirləri senzuraya məruz qoyur və bununla da “yumşaq güc” mexanizmi kimi “təhlükəli qüvvə” tətbiq edirlər. Digər tərəfdən isə, “Twitter”, “Facebook”, “İnstagram” və “YouTube” informasiyalarının təqdim edilməsi fonunda açıq və gizli müdaxilələri ilə ictimai rəyi istədikləri istiqamətdə formalaşdırmağa çalışırlar, xüsusilə də fikirlərə qarşı selektiv yanaşmalar tətbiq edirlər. 

Bir məsələni də xüsusilə diqqətə çatdıraq ki, sosial şəbəkələr mənəvi sferadan başlamış mədəni-etik sferaya qədər hər yerdə dəyərləri bəzən terrorizə edir, əxlaqi keyfiyyətlərin lazımi əsaslarda formalaşmasına mənfi təsir göstərir. Ona görə də sosial şəbəkələrdə formalaşmış ictimai münasibətlərin mütləq hüquqla tənzimlənməsi zərurəti yaranır. Hətta bu yaxınlarda Rusiyada sosial şəbəkələrdə “uyğunsuz məzmunun bloklanması”nı ehtiva edən qanun qüvvəyə mindi. Fevralın 1-dən qüvvəyə minən qanun “İnformasiyanın Mühafizəsi Qanunu”nun yenilənmiş, əlavələr edilmiş versiyasından ibarətdir. Yeni qanun sosial şəbəkələrin Rusiya seqmenti üçün standartları müəyyən edir və onların fəaliyyət çərçivəsini cızır.

Dünya təcrübəsinə nəzər saldıqda ayrı-ayrı ölkələrdə, xüsusən, Çin, İran və digər dövlətlərdə tətbiq edilən modellər sosial şəbəkələrin tənzimlənməsindən daha çox, onların fəaliyyətlərinin məhdudlaşdırılmasına yönəlib. Türkiyədə 2020-ci ildə qəbul edilən qanun daha əhatəlidir, həm də mütərəqqidir.

Türk modeli sosial şəbəkələrin məhdudlaşdırılmasına deyil, standartların müəyyənləşdirilməsinə yönəlib. Amma Türkiyə modeli də sosial şəbəkələrlə bağlı bütün məqamları əhatə etmir. Rusiyada fevralın 1-dən qüvvəyə minən qanun bu baxımdan daha əhatəlidir, ən müxtəlif məqamları əhatə edir. Ehtimal edilir ki, əksər ölkələr bu modeli nümunə olaraq götürməklə, üzərində təkmilləşdirmələr aparacaq, yeni milli qanunlar qəbul edəcəklər.  

Təbii ki, bütün hallarda, internet azadlığının heç bir halda digər azadlıqları məhdudlaşdırmamalı olduğu nəzərə alınaraq onlayn platformada balansın əldə olunması üçün hüquqi tənzimlənmələrin həyata keçirilməsi labüddür. Əlbəttə, bu istiqamətdə bir çox beynəlxalq təcrübələr mövcuddur. Məsələn, Avropada bir sıra dövlətlər, o cümlədən Almaniya sosial şəbəkələrin zərərli təsirlərindən qorunmaq üçün məhdudlaşdırıcı qanunlar qəbul edib. Bu günləri bir çox dövlətlərdə  sosial şəbəkələr barədə universal normativ standartlar mövcud deyil. Elə məhz  bu səbəbdən də feyk məlumatlar sərhədsiz olaraq  yayılır və heç bir maneəyə məruz qalmır. Nəticədə zərərli informasiyalar cəmiyyətdə geniş şəkildə yayılır. Təbii ki, qlobal xarakter və məzmun kəsb edən belə bir şəraitdə Azərbaycan da prosesdən kənarda qalmamalı və ümumi işə öz töhfəsini vermək üçün müvafiq addımlar atmalıdır.

Mövzu ilə bağlı fikirlərini "Şərq"lə bölüşən media eksperti Ələsgər Məmmədli bildirib ki, sosial medianın bütünlüklə nəzarət altına alınması kimi bir yanaşma təəssüf ki, bəzi ölkələrdə var. Ekspert bildirib ki, sevindirici haldır ki, bütün dünyada bu, keçərli deyil:

"Çünki ifadə azadlığı aspektindən baxanda sosial medianı tənzimləmək mümkün deyil. Onsuz da bizim nöqteyi-nəzərdən desək, Azərbaycanda tənzimlənmiş sosial mediadakı informasiyaya görə məsuliyyət var. Hətta anonim hesabdan da yayılan informasiyaya görə öhdəlikləri olmaqdadır. Bu kimi məlumatları şəxsi prokurorluq da araşdırır.  Xatırladım ki, 2017-ci ildən bəri bizdə informasiya resurslarından, o cümlədən sosial şəbəkədən yayılan qadağan olunmuş məlumatlara görə həm inzibati, həm də cinayət məsuliyyəti var. 12 müxtəlif adda informasiya nəzərdə tutulub ki, bunu da yaymaq qadağan olunub. Bu, ümumi prinsiplərdən daha dardır və daha məhdudlaşdırıcıdır.

Bu baxımdan bizim Rusiyanı nümunə olaraq götürməyimiz əlbəttə ki, yanlış olar. Çünki Rusiyada çox ciddi şəkildə Putinin son vaxtlar korrupsiya əməllərini ifşa edən video var. Həmin video artıq 100 milyonlarla izlənilib. Bu məsələ əlbəttə ki, Rusiyanı narahat edir. Rusiyanın bugünkü hakimiyyəti görünür ki, qanunsuzluqlarını örtmək üçün sosial mediaya yönəlir. Ümumiyyətlə, bu bir trenddir. Bəzi basqılı rejimlər doğruları eşitməmək üçün sosial mediaya yönəldilir.

Çünki sosial medianın iki tərəfi var. Biri ciddi şəkildə gündəm yarada bilir, yəni doğru hadisələrin tirajlanması kimi. Digər tərəfdən isə ictimai nəzarət funksiyasını həyata keçirir. Bir başqa məqam da var ki, orada bəzən dezinformasiyalar olur. Amma  o dezinformasiyaları ortaya çıxartmaq və dərhal dayandırmaq imkanları var. Ona görə də düşünürəm ki, sosial media bilavasitə hazırda cəmiyyətin inkişafına xidmət edir. Xüsusən də daha çox alternativ informasiyanın formalaşmasına xidmət edir". 

Media eksperti əlavə edib ki, daha əvvəllər bir mərkəzdən informasiyanı manipulyasiya edib cəmiyyəti maarifləndirmək mümkün idisə, indi bu gün bu mümkün deyil:

"Təbii ki, sosial medianın varlığı buna imkan vermir. Bu baxımdan sosial mediaya olan məhdudlaşdırıcı yanaşmalar daha çox siyasi basqılar və siyasi iradələrdən doğur, nəinki cəmiyyətin istəyindən. Cəmiyyət isə sosial medianı daha çox özünürahat ifadəetmə platforması kimi görür". 
Ə.Məmmədli diqqətə çatdıırb ki, sosial media artıq öz bazar münasibətlərini qurub: "Əvvəllər bir çox mərkəzləşmiş xarici media qurumları öz məhsullarını çox baha qiymətə satırdılar. Düzdür, bunu baha satmalarının da bir çox səbəbləri var idi. Çünki onlar infrastruktura müəyyən qədər pul qoyurdular. Amma bu bir az da haqsız qazanc yaradırdı. Çünki normalda media qurumlarının qazanc yeri satdıqları informasiya deyil, reklam idi. Yəni dünyanın hər yerində medianın əldə etdiyi gəlir satdığı məhsul deyil, əslində aldığı reklamdır. Bu baxımdan  təzədən reklam alan qurumun bir də informasiyanı pullu satması bir qədər eqoist, həm də monopolist bir davranış idi. Sosial media bu monopolyanı əritdi. Diqqət etsəniz görərsiniz ki, əslində  "Facebook" və "Youtube"da informasiyaları pul ödəmədən alırıq. Amma bunu necə alırıq? Bəzən videoya baxdığımız an bizə reklam təqdim olunur. O reklamlar bizim ona baxma haqqımızı ödəmiş olur. Əgər bir videoya baxarkən "Youtube"də anidən bir reklam gələrsə və 5 saniyə vaxt ayırıb ona baxarıqsa, bu da bizim ona ödədiyimiz 5 saniyəlik vaxtın bədəlidir. Bu da çox effektlidir. Burada, yəni maddi olaraq heç nə itirmirik, yalnız zaman itiririk. Eyni zamanda burada bir informasiya içərisində fərqli informasiyanı da görmüş oluruq. Habelə, bunlar içərisində bizə xidmət və yaxud da məhsul təklif edilmiş olur və s. Ona görə də sosial media maqnatların monopoliyasını əridib".

 “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı "Şərq"ə  açıqlamasında bildirib ki, media azadlığına məhdudiyyətlərin qoyulması sosial şəbəkələrdə saxta xəbərlər və dezinformasiyanın yayılmasına gətirib çıxarır. O bildirib ki, bunun baş verməməsi üçün ənənəvi media vasitələri azad şəkildə informasiyanı çatdıra bilməlidir:

"Sosial şəbəkə sadəcə olaraq yeni növ xəbər daşıyıcısıdır. Çünki istənilən qəzet, sayt və informasiya agentliyi sosial medianın özündə səhifələrini açırlar. Bir məsələni qeyd edim ki,  sosial şəbəkələrdə dezinformasiyalar həmişə olacaq. Bunun qarşısını almağın yeganə yolu həqiqəti tapıb çıxarmaqdır. Bəlkə, texniki imkanlarla da nələrsə etmək olar. Amma ümumiyyətlə, sosial şəbəkəni tənzimləmək mümkün deyil. Çünki hər an texnologiyalar günbəgün inkişaf edir. Yeni asan platformalar meydana çıxır. Diqqət edin ki, bu günləri sosial şəbəkələrdə yazılan bir çox xəbərlərin kimə aid olduğu dəqiq bilinmir. Çünki başqa akkauntlardan girərək, həmin informasiyanı paylaşırlar. Nəticədə həmin informasiyanın kim tərəfindən yazıldığı bilinmir. Düzdür, bir çox ölkələrdə sosial medianın tənzimlənməsi üçün bir sıra qanunlar qəbul edilir. Məsələn, bu yaxınlarda Rusiya sosial şəbəkələrin tənzimlənməsi üçün qanun qəbul edirdi. Hesab edirəm ki, bütün bunların hamısına əbəs yerə vaxt sərf olunur. Çünki kütləni tənzimləmək mümkün olmadığı kimi sosial şəbəkəni də tənzimləmək mümkün deyil. Yəni insanların düşüncəsini ümumiyyətlə, tənzimləmək mümkün deyil". 

Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli də “Şərq”ə bildirib ki, sosial şəbəkələr narahatlıq yaradan platforma hesab olunur. Ekspert qeyd edib ki, sosial şəbəkələr hüdudsuz imkanlar açdığı üçün cəmiyyətin inkişafı üçün lazımlıdır:

"Reallıq odur ki, indiki dövrdə sosial şəbəkələr olmadan inkişaf etmək, nəyəsə nail olmaq mümkünsüzdür. Amma bununla yanaşı sosial şəbəkələrdə cəmiyyətlərə böyük ziyan vura biləcək təhlükəli məqamlar üzə çıxmaqdadır. Hər bir dövlət bu cür risklərdən qaçmağın, uzaq durmağın metodlarını axtarır".

Ekspert vurğulayıb ki, sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı qanunlar hazırlanmalıdır: "Qanunlar imkan verməlidir ki, konkret halda hansısa şəxsi, yaxud şəbəkəni neqativ əmələ görə müvafiq qanunvericilik müstəvisində mühakimə etmək mümkün olsun. Ancaq belə qanunlardan qətiyyən sui-istifadə edilməməlidir. Kimsə qərəzli şəkildə hədəfə çevrilməməlidir. Hər halda çox incə məsələdir. Əlbəttə, dövlətin və cəmiyyətin inkişafı üçün sosial şəbəkələrdə tənqidi fikirlər, müstəqil ifadələr söylənə bilər. Amma tənqid əsla dövləti və cəmiyyəti parçalamağa, bölücülüyə və separatçılığa xidmət etməməlidir”.