Hələ ki, qorunmaqdan başqa yol yoxdur

Ən effektli maskalar isə N95 tipli maskalardır

İtaliyalı həkim adi tibbi maskaların koronavirusun mutasiyaya uğramış Böyük Britaniya ştammından qorumadığını bəyan edib. Uzun müddətdir COVİD-19-la bağlı təhqiqatlar aparan həkim Pyer Luici Bartoletti belə bir açıqlama verib ki, tibbi maskaların Britaniya variantı hesab edilən B117 virusuna heç bir təsiri yoxdur. Mutasiyaya uğramış virusa qarşı   FFP2 və FFP3 tipli maskalardan istifadə edilməlidir.

Çünki virus qapalı yerlərdə maskadan nüfuz edə bilir. İtaliyalı həkim yeni virusun daha tez yoluxdurucu qabiliyyəti, daha tez adaptasiya olunaraq sürətlə yayılması nəzərə alınaraq ondan daha güclü qorunmanın vacibliyini diqqətə çatdırıb. 

Azərbaycanlı həkim, infeksionist Mərdan Əliyevsə italiyalı həmkarının dediklərini çox da inandırıcı hesab etmədi. “Şərq”ə açıqlamasında M.Əliyev qeyd etdi ki, əsas məsələ virusun orqanizmə düşüb-düşməməsidir: 

- Koronavirusun mutasiyaya uğramış variantından danışılır. Yeni virus əvvəlkindən daha qorxulu deyil, daha ölümcül deyil. Virusun ölçüsündə, formasında  dəyişiklik yaranmayıb.

Bu, gendə baş vermiş mutasiyadır. Burada məsələ nədir; hüceyrəyə yapışan zülal ki var – protein, həmin proteinin yapışma qabiliyyəti yüksəkdir.

Yəni virus orqanizmə düşərsə, hüceyrəyə daha bərk, daha möhkəm yapışır və yoluxduruculuq qabiliyyəti yüksəkdir. Yoxsa yeni virusun öldürücülük qabiliyyəti yüksək deyil.

Əsas məsələ virusun orqanizmə düşməsinin qarşısını almaqdır. Bunun qarşısını da tibbi maskalar almaq qabiliyyətindədir. Bizdə FFP2, FFP3 tipli maskalar barədə məlumat yoxdur. Bu maskalar harada istehsal olunur, satışda varmı, yoxmu, məlumatsızıq. Azərbaycanda apteklərdə 3 növ qoruyucu maska satılır.

Bildiyimiz tibbi maskalar, onlara cərrahi maska da deyilir, N95 tipli maskalar, hansı ki, filtrlidirlər, bu maskaların da filtrində kömür yerləşdirilmiş növü var, kömür kənardan gələn bakteriyaları daha yaxşı tutur və içəri nüfuz etməsinin qarşısını alır.

Adi filtrli maskalar da effektlidir. Bir də var, “nano-maska”lar. Satışda olan qara, cürbəcür rənglərdə maskalardır. Onlar sadəcə rahat taxıldığı üçün və yəqin ki, görkəminə görə bəzilərini cəlb edir.

Lakin sizə deyim ki, ən az qoruyuculuq qabiliyyətinə malik məhz bu nano-maskalardır. Ən uyğunu tibbi maskalar və N95 tipli maskalardır. Vətəndaşlar da bilsinlər ki, nə qədər pandemiya bitməyib, maskalardan mütləq istifadə etməlidirlər. Virusun orqanizmə düşməsinin qarşısını almaq üçün ən effketiv vasitə qoruyucu maskalardır.