Bəzi deputatlar saxta yollarla özlərinə "yardım" düzəldirlər

"Sistemdə fundamental araşdırmalar aparılmalı, saxtakarlıqlar ifşa olunmalıdır"

Dövlət Sosial Müdafiə Fondundakı qanunsuzluqlar çərçivəsində aparılan istintaqla bağlı bəzi məqamlar üzə çıxıb. Saytlarda və sosial şəbəkələrdə yayılan məlumatlarda DSMF-nin yaşı çatmamasına və səhhətində heç bir problem olmamasına baxmayaraq, bir sıra deputatları saxta yollarla pensiyaya çıxartdığı bəlli olub. Vurğulanıb ki, adı hallandırılan şəxslər arasında sabiq parlamentarilərlə yanaşı, hazırda deputat fəaliyyətini davam etdirənlər də var.

Qeyd edilib ki, bu sənədlərin hazırlanmasında iştirak edən DSMF-nin sabiq vəzifəli şəxsi artıq saxlanılıb. Onunla bərabər daha bir neçə nəfərin də həbs olunacağı istisna edilmir.

“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Şərq”ə açıqlamasında bəyan edib ki, sosial müdafiə sistemində bu cür neqativ halların sayı-hesabı yoxdur. Ekspertin sözlərinə görə, həm ünvanlı sosial yardım, həm digər sosial müavinətlərin, pensiyaların verilməsində xeyli sayda saxtakarlıq faktları aşkarlanıb və mətbuatda işıqlandırılıb. Lakin problemlər hələ də həllini tapmır:

“Haqqı çatan, ehtiyacı olan qalır kənarda, haqqı olmayanlar dövlətdən yardım alır. Deputatlar isə insanların sosial müavinət problemlərini həll etmək əvəzinə mütəmadi öz maaşlarının artırılmasını təklif edir, bəziləri isə saxta yollarla özlərinə “yardım” düzəldirlər. Əlbəttə, bu halda cəmiyyətdə sosial narazılıq, xüsusən deputatlara qıcıq anlaşılandır. Halbuki, dövlət əhalinin sosial müdafiəsinə çox böyük vəsaitlər ayırır. Büdcənin üçdə biri sosial məqsədlərə sərf olunur. Ancaq yerlərdə müavinət və pensiyanın verilməsi prosesi şəffaf aparılmır, qanunsuzluqlara yol verilir. Nəticədə həm insanlarda narazılıq artır, həm də külli miqdarda vəsait mənimsənilir”. 

İqtisadçı hesab edir ki, sistemdə fundamental araşdırmalar aparılmalı, saxtakarlıqlar ifşa olunmalıdır:

“Təkcə keçmiş vəzifəli şəxsi həbs etməklə iş bitmir. Yüzlərlə vəzifəli şəxs bu maxinasiyalarda iştirak edib, milyardlarla pul mənimsənilib. O pullar dövlətə qaytarılmalı, sosial yardımlar qanuna və ədalətə uyğun olaraq təyin olunmalıdır. Korrupsiyaya bulaşmış şəxslər həbs edilməli, onların bütün əmlakı müsadirə edilməlidir. Əhalinin sosial qayğıya ehtiyacı olan hissəsi dəqiq müəyyənləşdirilməli, qanunauyğun sosial yardım almalıdırlar. Bundan başqa işsizlər qeydiyyata alınmalı və işlə təmin olunanadək ən azı minimum ehtiyac meyarı həddində pul almalıdırlar. Pandemiyaya görə işini itirmiş, işi dayanmış şəxslərə də yardım verilməlidir”. 

E.Bayramlı uşaqpulunun bərpa edilməsinin, heç olmasa, aztəminatlı ailələrə verilməsinin zəruri olduğunu bildirib:

“Əgər ailədə adambaşına minimum ehtiyac meyarından aşağı gəlir varsa, mütləq kompensasiya ödənməlidir. Hazırda minimum ehtiyac meyarı 200 manat civarındadır. Ailədə 5 nəfər varsa və ümumi gəlir 600 manatdırsa, deməli, dövlət əlavə 400 manat ödəməlidir. Çünki minimum ehtiyac meyarı o deməkdir ki, ondan aşağı vəsaitlə yaşamaq mümkün deyil. Əgər mənimsənilən vəsaitlər geri alınarsa, bütün problemləri həll etmək olar. Ümid edirəm, bu tipli saxtakarlıqlara tezliklə son qoyulacaq”.