Türkiyə faktoru da mühüm rol oynayır

Tiflis yaxşı bilir ki, Azərbaycanla hərbi əməkdaşlıq Gürcüstanın sığortası, qarantiyasıdır

Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvili Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev ilə görüşüb. Görüşdə Gürcüstan və Azərbaycan arasındakı dostluq və strateji münasibətlər müzakirə olunub. Tərəflər  həmçinin hər iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlığın müsbət dinamikasını vurğulayıblar. Görüş zamanı müdafiə sahəsində əməkdaşlıq haqqında müqavilə bağlanması və hərbi təhsil sahəsindəki əlaqələrin əhəmiyyəti də gündəmə gətirilib.

Bəyan edilib ki, iki qonşu ölkənin hərbi sahədə əməkdaşlığı inkişaf etdirməsi dövrün tələbidir. 

Gürcüstanla hərbi əlaqələrin genişləndirilməsi ilə bağlı “Şərq”ə danışan politoloq Əli Orucov bildirib ki, son zamanlar rəsmi Bakı ilə Tbilisi arasında münasibət dərinləşir. Ekspert deyib ki, Rusiyaya və Ermənistana bağlı bəzi qüvvələr zaman-zaman ölkələrimiz arasına nifaq salmağa cəhd etsələr də, hökumət başçılarının sağlam mövqeyi nəticəsində münasibətlər zədələnmir:

“Azərbaycan bölgədə yeni reallıqlar yaradıb və öz gücünü hər kəsə göstərib. Regionda yaşanan hadisələr və Rusiya faktoru Gürcüstanı Azərbaycana yaxınlaşmağa sövq edir. Rəsmi Tiflis yaxşı bilir ki, Azərbaycanla yüksək əlaqələr qurmadan bölgədə normal yaşayış mümkün deyil. Xüsusən, hərbi sahədə əməkdaşlığı inkişaf etdirmək Gürcüstanın təhlükəsizliyi baxımından olduqca vacibdir. Qonşu ölkənin də əraziləri işğaldadır və bu məsələyə görə müəyyən təzyiqlərə məruz qalır”. 

Ə.Orucov bildirib ki, 44 günlük müharibədə Azərbaycanın şanlı qələbəsi, müasir döyüş texnikalarından və ağlagəlməz taktikalarından istifadəsi dünyanı heyrətə düşürdü:

“Əlbəttə, ABŞ-ı, Avropa ölkələrini heyran edən Azərbaycanın hərbi qüdrəti, savaş texnikası Gürcüstanın diqqətini çəkməyə bilməzdi. Hər bir ölkə özündən güclü tərəfdaşla yaxın münasibət saxlamaqda maraqlıdır. Azərbaycanla hərbi əməkdaşlıq Gürcüstanın sığortası, qarantiyasıdır. Həm də nəzərə alaq ki, son dövrlər Gürcüstanın Türkiyə ilə əlaqələri yaxınlaşıb. Bu faktor da Tiflis-Bakı münasibətlərində ciddi rol oynayır. Çox güman yaxın günlərdə iki ölkə arasında birgə hərbi təlimlər keçiriləcək”.