II Fəxri Xiyaban, yoxsa III Şəhidlər Xiyabanı?

Cavid İsmayıl: "Dövlətin rəsmi qurumları bu məsələyə aydınlıq gətirməlidir"

General-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin uyuduğu, Vətən müharibəsi şəhidlərinin dəfn olunduğu xiyabanın adı ilə bağlı cəmiyyətdə müzakirələr aparılır. İnsanlar isə həmin ərazini müxtəlif adlarla tanıyır. Kimisi II Fəxri Xiyaban deyir, kimisi də II Şəhidlər Xiyabanı. Məsələn, II Fəxri Xiyaban tərəfə yolunuz düşsə, yeni Şəhidlər Xiyabanını soruşsanız, sizə ünvanı şəhid general Polad Həşimovun ismi ilə izah edəcəklər. Bir sözlə, o müqəddəs məkanın dəqiq adı bilinmir. 

Araşdırmaçı-jurnalist Cavid İsmayıl da bu mövzuya toxunaraq feysbuk səhifəsində yazdığı statusda fikrini bildirib: “Rəsmi qurumlar II Fəxri Xiyaban və III Şəhidlər Xiyabanı anlayışlarına konkretlik gətirsə, yaxşı olar. II Fəxri Xiyaban və II Şəhidlər Xiyabanı bir yerdə yerləşir, giriş qapısı da eynidir. Mübariz İbrahimov və aprel şəhidləri II Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

General Polad Həşimov və Vətən Müharibəsi şəhidləri isə faktiki olaraq yeni Şəhidlər Xiyabanında dəfn olunsa da, oranı da II Fəxri Xiyaban adlandırırlar rəsmən. Halbuki, II Şəhidlər Xiyabanı ilə bura arasında ən azı 1 km məsafə var. Təbii olaraq giriş qapıları da ayrıdır. Bu səbəbdən “III Şəhidlər Xiyabanı” ifadəsinin rəsmiləşdirilməsinin tərəfdarıyam”. 

Biz də həmkarımızla əlaqə saxlayıb, daha ətraflı şərhini öyrəndik. O, “Şərq”ə bunları söylədi:

“Düzdür, bu məsələ ilə bağlı bəzi təkliflər var. Məsələn, “III Şəhidlər Xiyabanı” ifadəsi əvəzinə, yerləşmə məkanına uyğun “Yasamal şəhidliyi” ifadəsi də təklif edilir. Düşünürəm ki, həm Qarabağ müharibəsinin, həm də bu savaşda verdiyimiz qurbanların miqyasını nəzərə çatdırmaq, eyni zamanda şəhidlərimiz arasındakı mənəvi və tarixi-xronoloji bağları qoparmamaq məqsədilə “III Şəhidlər Xiyabanı” ifadəsi daha doğrudur”.  

"Həmin Şəhidlər Xiyabanına cənab generalın adı verilə bilərmi" sualını C.İsmayıl belə cavablandırıb: “Xalq arasında “Polad Həşimov dəfn olunan Şəhidlər Xiyabanı” kimi tanınsa da, yenə də fikrimdə qalıram”.