Yeni baş qərargah rəisi kim olsun? – Fikirlər haçalandı 


İbrahim Rüstəmli: “İkinci Qarabağ müharibəsi Azərbaycanın xalis generallarını üzə çıxardı”

Rey Kərimoğlu: “Fikrimcə, bundan sonra on il də türk generalının rəhbərlik etməyi məqsədəuyğundur”

İlham Tumas: “Düşünürəm ki, general Hikmət Mirzəyevin baş qərargah rəisi postuna təyin edilməsi yaxşı olar”



Artıq məlum olduğu kimi, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov bir müddətdir ki, vəzifəsindən kənarlaşdırılıb. Həmin post isə hələ də boşdur. Nəcməddin Sadıqovun yerinə kimin təyin olunacağı çoxlarını düşündürür. Hər halda namizəd çox, vaxt azdır. 

“Sherg.az” olaraq bu barədə hərbi jurnalistlərin fikirlərini öyrəndik. Hərbi ekspert, uzun illər “Azərbaycan ordusu” qəzetinin baş redaktoru kimi çalışmış İbrahim Rüstəmli konkret ad çəkməsə də, ən layiqli namizədin seçiləcəyinə əminliyini bildirdi: 

“İkinci Qarabağ müharibəsi Azərbaycanın xalis generallarını üzə çıxardı. Kimin vətəninə bağlı olduğunu gördük. Həmin generalları hər kəs tanıyır. Əlbəttə, müharibənin ən fəal iştirakçısı Prezident, Ali Baş Komandan İlham Əliyev idi. O, savaş dönəmində orduda müəyyən “redaktələr” etdi. Yəni mövcud mənzərə hər birimizdən daha çox, ona aydındır. Odur ki, Prezident kimi layiq bilsə, onu da təyin edəcək. Fikimcə, bu istiqamətdə konkret addımlar atılacaq. Zənnimcə, Nəcməddin Sadıqovun vəzifədən getməsi vətənə, dövlətə, dövlətçiliyə bağlı olanlar üçün yeni perspektivlər açdı”.

Qarabağ qazisi Rey Kərimoğlu isə maraqlı təklif səsləndirdi: 

“Biz peşəkar və vətənpərvər zabit və əsgərlərimiz, həmçinin müasir texnikamız sayəsində bu müharibəni qazandıq. Eyni zamanda müəyyən qüsurlar üzə çıxdı. Düşünürəm ki, mövcud problemləri həll etməkdən ötrü ciddi islahatlara ehtiyac var. Yəqin, reallaşacaq da. Biz Türkiyə sisteminə keçməli və NATO ordusu yaratmalıyıq. İyirmi il Nəcməddin Sadıqovun timsalında Azərbaycan baş qərargahına rus vətəndaşı rəhbərlik edib. Fikrimcə, bundan sonra on il də türk generalının rəhbərlik etməyi məqsədəuyğundur. Düzdür, bizim peşəkar generallarımız kifayət qədərdir. Lakin istənilən halda belə seçimi daha məqbul hesab edirəm”.

 Hərbi jurnalist, ehtiyatda olan zabit İlham Tumas daha konkret cavab verdi: 

“Mən hərbi ekspert deyiləm. Fəqət, bir dəfə söylədiyim kimi, peşəkar ordunun yaradılmasının tərəfdarıyam. Düşünürəm ki, general Hikmət Mirzəyevin baş qərargah rəisi postuna təyin edilməsi yaxşı olar”.