Asta sür avtobusu, amandı sürücü: “...Sərxoş olub, yolu azıb" 

“Çox güman ki, sürücü ciddi şəkildə cəzalandırılaraq işdən azad ediləcək”

“Belə sürücülərin “qara siyahısı” olsun ki, gələcəkdə gedib başqa şirkətdə özlərinə iş tapa bilməsinlər”

Dünən axşam saatlarında Sumqayıtda sərxoş avtobus sürücüsü yol polisi tərəfindən saxlanılıb. 10 TG 816 dövlət nömrə nişanlı marşrut avtobusunun sürücüsü kəskin sərxoş vəziyyətdə olub və yolu azaraq Bakıdan Sumqayıt şəhərinə gəlib. Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, işıqforun qırmızı işığında keçdiyinə görə YPX əməkdaşları tərəfindən ona "saxla" işarəsi verilib. Lakin sürücü tabesizlik göstərərək qaçmağa başlayıb.

Bu zaman Sumqayıt şəhər DYPŞ-nın əməkdaşları hərəkətə keçərək yüksək peşəkarlıqla sürücünü saxlamağa nail olublar. Sürücü bir neçə yerdə təhlükəli vəziyyət yaratsa da, heç bir vətəndaşa və əmlaka ziyan vurmadan saxlanılıb. Yolun ortasına xüsusi vasitə atılıb və təkərlər partladıldıqdan sonra avtobus dayanıb. Sürücü yenə qaçmağa çalışsa da, mütəxəssis yaxınlaşaraq arxadan avtobusun mühərrikini söndürə bilib. Saxlanılan sürücü Quliyev Ceyhun Əkəmqulu oğlu barəsində araşdırma başlanıb. Onun haqqında toplanmış materiallar məhkəməyə təqdim olunacaq.




Xoşagəlməz hadisəni “Sherg.az”a dəyərləndirən “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, sürücülər haqqında məlumatlar müvafiq bazada yerləşdirilməlidir:

“O qədər içib ki, sərxoş olub və yolu azıb. Avtobuslarda belə hallar baş verəndə insanlar arasında sürücü və ictimai nəqliyyata qarşı neqativ fikirlər formalaşır.

Lakin əvvəlki illərə baxanda son zamanlar belə hallar azalıb. Əvvəllər günün günorta vaxtında avtobus sürücüsü sərxoş halda saxlanılırdı. Üzərində isə heç bir sənədi olmurdu.

Sonra meydana çıxırdı ki, əslində bu şəxs sürücünün qohumudur. Sürücü özü gedib nahar yeməyinə və qohumunu çağırıb ki, onu 1-2 saat əvəz etsin. İctimai nəqliyyatların inkişafından danışdığımız bir dövrdə belə mənfi hallar ortaya çıxır.

Çox güman ki, sürücü ciddi şəkildə cəzalandırılaraq işdən azad ediləcək. Belə sürücülərin “qara siyahısı” olsun ki, gələcəkdə gedib başqa şirkətdə özlərinə iş tapa bilməsinlər”.