Laçın aeroportu: “Bu turizmin inkişafına təkan verəcək"

Prezident İlham Əliyevin ötənlərdə Laçınla bağlı dedikləri artıq reallaşmaq üzrədir. Belə ki, dövlət başçısı yanvarın 6-da ilin yekunlarına həsr olunmuş vieokonfransda Laçın və ya Kəlbəcərdə  müasir beynəlxalaq hava limannın tikilməsi üçün yer axtarıldığını bildirmişdi:
“Düzdür, orada relyef çox çətindir və demək olar ki, ərazilərin mütləq əksəriyyəti dağlıq ərazilərdir. Orada düz yer tapmaq çətindir, amma indi araşdırmalar gedir.

Ümid edirəm ki, yaxın gələcəkdə mənə məlumat veriləcək. Beləliklə, ya Laçın, ya da Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanı tikiləcək. Füzuli şəhərində isə beynəlxalq hava limanının tikintisinə artıq az vaxt qalıb.

Göstəriş verilib, yaxın gələcəkdə artıq inşaat başlanacaq və bu il Füzuli şəhərində, - şəhərdən indi əsər-əlamət qalmayıb, - yaxud da ki, o ərazidə beynəlxalq aeroport fəaliyyətə başlayacaq. Bu, Qarabağ bölgəsinin inkişafı üçün lazımdır, çünki bütün növ təyyarələr enə biləcək - həm Füzulidə, həm Kəlbəcər-Laçın zonasında”.



Bu istiqamətdə işlər davam etməkdədir. Layihə barədə “Sherg.az”a danışan Qarabağdan olan millət vəkili Elman Məmmədovun fikincə, Laçında aeroportun inşası çox vacibdir: 

“Əlbəttə, Prezident belə deyibsə, deməli, belə də məsləhətdir. Sadəcə ərazini tanıyan biri kimi deyə bilərəm ki, Laçın və Kəlbəcərin ərazisi çox böyükdür. Ora dağlıq ərazi olmasına baxmayaraq, daha çox yaylaqdır. Bu isə turizmin inkişafına imkan verir. Bildiyiniz kimi, turizm daha çox dağlıq ərazilərdə inkişaf edir. Laçında beynəlxalq hava limanının tikilməsi şərt deyil. Lakin daxili uçuşlar üçün aeroport inşa edilə bilər.

Beləliklə, qış fəslində regiona getmək asanlaşacaq və insanlar 7-8 saatlıq yolu dəfələrlə az vaxta qət edə biləcəklər”.