“Valerian” qəhətə çəkilib: “...Monopoliya elementləri var”

Son günlər vətəndaşlar apteklərdə “Valerian” dərmanını tapa bilmədiklərindən şikayətlənirlər. İddialara görə, hansı aptekə üz tutsan, bu preparatın satışda olmadığı bildirilir.

Əczaçıların bəziləri preparatın 1 ay, bəziləri 2 ay, digərləri isə koronavirus başlayan zamandan tapılmadığını deyirlər. Onun əvəzləyicisi kimi isə “Valedol” və əsasən “Valerian”ın maye məhlulu təklif edilir.
Səbəbini soruşanda əczaçılar deyirlər ki, bununla bağlı məlumatları yoxdur. Guya onlara da dərman deposundan preparatın bitdiyi bildirilib. “Valerian” demək olar ki, hər kəsin evində olması vacib sayılan dərmanlar arasındadır və tələbat da həddən artıq yüksəkdir. Adətən ürəyində narahatlığı olan, stress və həyəcandan əziyyət çəkən şəxslər bu dərman preparatından tez-tez istifadə edirlər. Elə isə niyə insanlar bu dərmanı səhrada su axtarırmışcasına axtarmalıdırlar?!

 Həkim Zəlimxan Məmmədli “Sherg.az”a açıqlamasında iddialara münasibət bildirib:

“Bildiyim qədəri ilə bu dərman Azərbaycanda istehsal olunurdu. Tələbat da kifayət qədərdir. Üstəgəl, heç bir əks-təsiri yoxdur. Belə olan halda “Valerian”ın tapılmaması, həqiqətən, təəccüblüdür. Ya həddindən çox istifadə olunur, ya da monopoliya elementləri var”.