Xocavənddə Njdenin heykəli: “Ya götürəcəklər, ya da...” – Təxribat

“Rus sülhməramlıların bu hadisə göz yumması başa düşülən deyil”

“Azərbaycan isə mövcud durumu beynəlxalq təşkilatların diqqətinə çatdırmalıdır”

“Ölkəmizin qəhrəman oğulları var. Heykəl götürülməsə, onlar öz funksiyalarını yerinə yetirib, həmin abidəni yerlə bir etməlidirlər”


Ermənilərin hərbi qəhrəman hesab etdikləri Qaregin Njdeyə Xocavənd şəhərində heykəl ucaltmaqları onların terrorçu sevgisini bir daha sübut etdi. Mənfur heykəl İkinci Qarabağ müharibəsindən əvvəl hazırlansa da, 27 yanvar 2021-ci il mərkəzi küçələrin birində qoyulub.

Xatırladaq ki, prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında Njdeni faşist, cəllad və terrorçu adlandırıb. Onun başlatdığı siyasi təzyiq nəticəsində insanlıq düşməni olan Njdeyə Rusiyada qoyulan heykəl demontaj olundu. İndi ermənilər qəsdən torpaqlarımızı murdarlayaraq, bizi qıcıqlandırmaq üçün bu hərəkəti ediblər.

Mövcud durumu “Sherg.az”a şərh edən Qarabağ Azadlıq Təşkilatının sədri (QAT) Akif Nağı bildirib ki, ermənilər çirkin əməllərini davam etdirirlər:

“Acı məğlubiyyətə uğrasalar da, bunu etiraf etmək istəmirlər. Azərbaycan Ordusu qarşısında heç vaxt tab gətirə bilməzlər. Bunu başa düşsəydilər, başqa addımlar atardılar. Məsələn, şərtlərimizi qəbul edib, Türkiyə ilə xoş münasibətlər qurmalı idilər. Lakin normal düşüncəyə sahib deyillər”.

A.Nağı qeyd edib ki, ermənilərin Q.Njdeyə heykəl qoymaqları bir məqsəd daşıyır:

“Guya mövcuddurlar və öz mövqelərini ortaya qoyurlar. Azərbaycanı qıcıqlandırmağa çalışırlar. Heykəlin qoyulması Rusiyanı da qıcıqlandırmalıdır. Rus sülhməramlıların bu hadisə göz yumması başa düşülən deyil. Necə ola bilər ki, onların gözü qarşısında belə addım atılır. Fikrimcə, Rusiya da baş verənlərə reaksiya verməlidir. Azərbaycan isə mövcud durumu beynəlxalq təşkilatların diqqətinə çatdırmalıdır. Ölkəmizin qəhrəman oğulları var. Heykəl götürülməsə, onlar öz funksiyalarını yerinə yetirib, həmin abidəni yerlə bir etməlidirlər. Belə cavab verməsək,  bir az da həyasızlaşacaqlar”.