Şəhid mövzusu ilə manipulyasiya! - Mediaya ÇAĞIRIŞ: “Nəticə çıxarmalıyıq”

“Təəssüflənirəm, çünki reportaj təcrübəli jurnalistlərin çalışdığı Yutub kanalında yayınlanıb”

“İnternet media səfərbər olmalıdır. Növbəti addımlarımızda diqqətli olaq ki, xoşagəlməyən vəziyyətlə üzləşməyək”

“Pusquda dayanıb belə məsələləri Azərbaycan əleyhinə istifadə etməyə çalışan qüvvələr var, bəhanə verməyək”


Bir sıra media quruluşunda Vətən müharibəsində iki oğlunun itkin düşdüyü deyilən ana ilə bağlı reportaj yayınlanıb. Reportajda Rəna Kazımova adlı qadın oğlanları Valid və Azər Kazımovun müharibədə itkin düşdüyünü və bu günə kimi onlardan xəbər ala bilmədiyini vurğulayıb. Maraqlısı budur ki, Müdafiə Nazirliyinin açıqladığı itkin siyahısında Valid və Azər Kazımov qardaşlarının adı mövcud deyil.
Məlum olub ki, R.Kazımovanın ümumiyyətlə övladı yoxdur. O, əslən Lənkəranın Osaküçə kəndindəndir. 1 il yarımdır ki, Suraxanı rayonu Hövsan qəsəbəsində kirayədə yaşayır. Suraxanı Rayon Səfərbərlik Xidməti də sözügedən adda olan şəxsləri xidmətə çağırmayıb. 
Baş verənlər təbii olaraq cəmiyyətdə böyük qınağa səbəb olub. Şəhid mövzusu ilə manipulyasiya etmək həm şəhidlərin ruhuna, həm də cəmiyyətə qarşı hörmətsizlikdir. Bugünümüz üçün aktual olan məsələlərdən biri isə Vətən müharibəsi ilə bağlı mövzulara həssaslıqla yanaşılması, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına diqqət və qayğıdan bəhs edərkən faktların dəqiqləşdirilməsidir. Eyni zamanda ictimai fikri çaşdıracaq informasiyaların yayılmasına yol verməmək lazımdır.

Tanınmış teletənqidçi, BDU-nun professoru Qulu Məhərrəmli “Sherg.az”a  açıqlamasında baş verən hadisədən kifayət qədər təəssüf hissi keçirdiyini bildirib:

“Çünki reportaj kifayət qədər təcrübəli jurnalistlərin çalışdığı Yutub kanalında yayınlanıb. Kanalın niyyəti hansısa ananın dərdini ictimailəşdirmək olub. Sonradan üzə çıxıb ki, həmin qadın ruhi xəstədir. Fikrimcə, jurnalistlərə qarşı kampaniya aparmaq lazım deyil. Sadəcə olaraq digər media qurumları bu olanlardan nəticə çıxarmalıdırlar. Çünki jurnalistikanın qızıl qaydaları var. Dəvət etdiyimiz, haqqında danışmaq istədiyimiz adamı tam tanımalıyıq. Ən azından onun kimliyi, əhatə dairəsi, sosial həyatı barədə məlumatımız olmalıdır”.

Q.Məhərrəmli qeyd edib ki, bu hadisə mediamızı səfərbər etməlidir:

“Xüsusən sosial və internet media səfərbər olmalıdır. Növbəti addımlarımızda diqqətli olaq ki, xoşagəlməyən vəziyyətlə üzləşməyək”.

Professorun sözlərinə görə, Yutub kanalları çox diqqətli olmalıdırlar:

“Bu gün Vətən müharibəsi mövuzuna qarşı bir həssaslıq var. Jurnalistlər şəhid ailələrini ön plana gətirib, xeyirxah iş görmək istəyirlər. Amma təəssüf ki, bəzən bilərəkdən və ya bilməyərəkdən bu cür situasiyalar meydana çıxır. Hər birimiz baş verən hadisədən nəticə çıxarmalıyıq. Çünki belə hadisələr zaman pusquda dayanıb Azərbaycan əleyhinə istifadə etməyə çalışan qüvvələr var. Heç kimə bu bəhanəni verməməliyik”.