Dünyada ilk: Qadına üz və əl köçürüldü

Dünyada ilk dəfə üz və iki əlin eyni zamanda nəqli müvəffəqiyyətlə həyata keçirilib.
"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, yol qəzası nəticəsində barmaqlarını, dodaqlarını, göz qapaqlarını və üzünün bir hissəsini itirən Co Dimeo ötən ilin avqust ayında dünyada əvvəllər heç edilməmiş bir əməliyyat keçirib. ABŞ-ın Nyu Cersi əyalətində yaşayan qadına eyni anda üz və iki əl transplantasiyası olunub. Onun əməliyyatında 140-dan çox mütəxəssis iştirak edib. Bədənin 80 faizi yanan qadının əməliyyatında 3D texnologiyasından istifadə olunub. Yeni texnologiyadan istifadə edilmiş 23 saatlıq əməliyyat nəticəsində Dimeo yeni üzünə və əllərinə sahib olub. Əməliyyatı həyata keçirən Eduardo Rodriqez rəsmi olaraq transplantasiyasının uğurlu olduğunu açıqlayıb.