Evinə tələsən var

Ona görə dövlət maksimum çalışır ki, keçmiş köçkünlər tez zamanda yurdlarına qovuşsun

"Minatəmizləmə üzrə Milli Agentliyin yaradılması bu sahədə işlərin peşəkar səviyyədə aparılmasını təmin edəcək"

Prezident İlham Əliyev Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədrini qəbul edərkən bir sıra vacib məqamlara toxunub. Dövlət başçısı bildirib ki, azad edilmiş torpaqlarda müharibədən sonra əfsuslar olsun ki, bədbəxt hadisələr baş verir. Ona görə də ölkə rəhbəri vətəndaşlardan xahiş edib ki, azad olunmuş torpaqlara icazəsiz, qanunsuz getməsinlər: “Onlar uzun illər vətən həsrəti ilə yaşayıblar.

Hər bir keçmiş məcburi köçkün tezliklə öz doğma torpağına, doğma kəndinə qayıtmaq istəyir. Ancaq xahiş edirəm, bir qədər gözləsinlər ki, minalardan təmizləmə işləri başa çatsın. Çünki bu, həm piyadalara, həm avtomobillərə böyük təhlükədir”. Ölkə rəhbəri əlavə edib ki, Azərbaycanda minatəmizləmə əməliyyatları üzrə milli standartlar hazırlanmalıdır: “Bu, Azərbaycan standartları olmalıdır, əlbəttə ki, dünya praktikasına da baxmaq lazımdır”. 

Prezidentin diqqət çəkdiyi məqamı “Şərq”ə dəyərləndirən millət vəkili Nəsib Məhəməliyev deyib ki, cənab Prezidentin fəaliyyətini izləyən insanlar gözəl bilirlər ki, o, hər zaman prosesləri ardıcıllıqla, mərhələli şəkildə həyata keçirir. Deputatın sözlərinə görə, 30 il ərzində kifayət qədər böyük bir ərazidə yüz minlərlə müxtəlif növ minalar basdırılıb:

“Dəfələrlə qarşı tərəfdən tələb olunsa da, təhlükəli zonaların, minalı ərazilərin xəritələri Azərbaycan tərəfinə təqdim olunmayıb. Bu da ermənilərin anti-humanist xarakterindən irəli gəlir və işin vaxtında və keyfiyyətli aparılmasını çətinləşdirir. Nəzərə alsaq ki, bir çox mütəxəssislər həmin ərazilərin tam təmizlənməsi üçün azı 13-15 il vaxt lazım olduğunu bildirirlər. 30 il torpaq həsrəti ilə yaşayan insanların doğma yurdlarına qayıtmaq həsrətini, yaxın zamanda bölgənin maksimum məskunlaşdırılması zərurətini Prezident hər kəsdən yaxşı bilir. Ona görə də ənənəvi metodlardan kənar milli standartların yaradılması üçün strategiya müəyyənləşdirdi. Agentliyin şəxsi heyətinin sayının artırılması, peşəkar kadrların hazırlanması, ən müasir texnikanın alınması və gələcəkdə digər ölkələrdə işləmək imkanlarının olması tapşırıqların vaxtında icrasını təmin etməklə yanaşı, gələcəyə hesablanmış siyasətdir. Ümumiyyətlə, dövlət tərəfindən Minatəmizləmə üzrə Milli Agentliyin yaradılması bu sahədə işlərin peşəkar səviyyədə aparılmasını təmin edəcək”