Səlim Müslümovun həbsi ilə iş bitmir

Biz də qonşu ölkələrdəki kimi bu sahəni dövlətdən ayırmalıyıq

"Obrazlı desək, “yaxşı oğlan” axtarışından vaz keçməli, yaxşı və qalıcı sistem qurmalıyıq"

2013-2018-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri olmuş, ondan əvvəl isə 11 il Dövlət Sosial Müdafiə Fonduna rəhbərlik etmiş Səlim Müslümov həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvət alma maddələri ilə ittiham irəli sürülüb. S.Müslümov əlillər üçün fərdi yaşayış və internat evlərinin təmir-tikintisinə ayrılmış vəsaitlərin bir hissəsini mənimsəməkdə, nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manata qədər rüşvət almaqda ittiham olunur.

Ümumiyyətlə, Səlim Müslümovun rəhbərliyi dövründə sosial nazirlik və DSMF-nin rayon strukturlarının fəaliyyəti ilə bağlı mediada davamlı şəkildə neqativ yazılar dərc olunub. Rüşvət almaqda ittiham olunaraq saxlanılan qurum əməkdaşları ilə bağlı çoxsaylı məlumatlar yayılıb. Əfsuslar olsun ki, qanunsuz əməllər və korrupsiya halları S.Müslümov istefaya göndəriləndən sonra da baş verib. Son aylarda nazirlik və Fond daxilində ciddi araşdırmanın getdiyi, istintaq tədbirlərinin davam etdiyi bildirilir. Hətta araşdırmalar nəticəsində kütləvi şəkildə ixtisarlar barədə məlumatlar da paylaşılır. 

Dövlət qurumunda gedən proseslər və həbslərlə bağlı “Şərq”ə danışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, əksər problemlərin həllində insan faktoruna fokuslandığımız üçün müsbət nəticəyə nail olmuruq. Ekspertin sözlərinə görə, “bu məmur pisdir, yerinə gələn problemləri həll edəcək” baxışı yanlışdır:

“Problemlərin həllinə sistemli yanaşmalıyıq. Dövlət Sosial Müdafiə Fondu ilə bağlı qüsurlar ictimaiyyətə çoxdan bəllidir. Səlim Müslümov nazir olanda mediada, sosial şəbəkələrdə dəfələrlə korrupsiya, saxta müavinətlər və pensiyalarla bağlı şikayətlər dərc olunurdu. İndi qurumda “təmizləmə” prosesi gedir, amma yenə insan amili üzərində dayansaq və problemə sistemli yanaşmasaq, neqativ məqamlar qalacaq. Sosial müavinətlərin, təqaüdlərin hesablanması, verilməsi, təyinatı tamamilə avtomatlaşdırılmalıdır. Proses insan faktorundan kənar getməlidir. Kriteriyalar elə dəqiq müəyyən edilməlidir ki, şərtlərə uyğun gələn insanların sosial müavinət alması avtomatik qərara bağlı olsun. Hansısa məmur, rayon şöbəsinin müdiri, nazirlik rəsmisi, elə nazirin özü prosedura birbaşa müdaxilə edə bilməsin. Obrazlı desək, “yaxşı oğlan” axtarışından vaz keçməli, yaxşı və qalıcı sistem qurmalıyıq”. 

N.Cəfərli xatırladıb ki, Dövlət Sosial Müdafiə Fondu yaradılarkən bəyan edildi ki, bir müddət sonra Fond öz-özünü maliyyələşdirəcək. Konkret 2013-cü ildə qurumun özünü maliyyələşdirəcəyi deyilirdi:

“8 il keçməsinə baxmayaraq, Fond hələ də özünü maliyyələşdirə bilmir, dövlətdən dotasiya alan əsas qurumlardan biridir. Yeni konsepsiya hazırlanmalı və həyata keçirilməlidir. Qonşu ölkələrdə artıq yeni sistem tətbiq olunur. Rusiyada, Gürcüstanda, Ukraynada xeyli özəl təqaüd fondları fəaliyyət göstərir və rəqabət yaradırlar. Rəqabət nəticəsində dövlətin üzərinə düşən yük və məsuliyyət azalmış olur. Vətəndaşlara seçim imkanı verilir, yeni müqavilə öhdəlikləri formalaşır. Özəl təqaüd qurumları vətəndaşa daha yaxşı xidmət göstərmək üçün sanki yarışa girirlər. Biz də bu sahəni dövlətdən ayırmalıyıq. Qanunvericilikdə buna hansısa qadağa yoxdur. Amma praktikada mümkün olmur, görünür, bunun qarşısını alan ciddi maneələr var”