Biz daha itki verə bilmərik

Yaxşı olar ki, hamı işğaldan azad olunmuş ərazilərin tamamilə minalardan təmizlənməsini gözləsin

"Keçmiş məcburi köçkünlər bu dəqiqə, şəraitə, imkana baxmadan, lap yalın ayaqla da doğma yurdlarına qayıtmağa hazırdır. Amma Azərbaycan dövlətinin prioritetləri var" 

"Xalqın mənafeyi, vətəndaşların təhlükəsizliyi, ictimai maraqlar. Bunlar eyni zamanda dövlət maraqları ilə üst-üstə düşməlidir"


“Biz bir dəqiqə də, bir gün də gözləmək istəmirik… Bizim vaxtımız yoxdur. Biz keçmiş köçkünləri tezliklə öz doğma torpaqlarına qaytarmalıyıq”. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin qalib Ali Baş Komandanı cənab İlham Əliyev bu sözləri ilə minlərlə vətəndaşımızın doğma torpaqlara qayıdış həsrətinə tezliklə son qoyulacağının müjdəsini verdi. Prezident Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinə sədr təyin edilmiş Vüqar Süleymanovu videoformatda qəbul edərkən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilməli olan zəruri işlərdən danışdı. Və xüsusilə vurğuladı ki, keçmiş məcburi köçkünlər 30 il Vətən həsrəti ilə yaşayıblar.
Hər bir keçmiş məcburi köçkün tezliklə öz doğma torpağına, doğma kəndinə qayıtmaq istəyir. Ona görə də işğaldan azad edilmiş ərazilərdə bərpa, həmçinin ərazilərin minalardan təmizlənməsi işi sürətlə aparılmalıdır ki, keçmiş köçkün vətəndaşlarımızın Vətən həsrətinə də tezliklə son qoyulsun. Bunun üçün də bərpa və təmizləmə işləri ardıcıllıqla, prioritetlər düzgün müəyyənləşdirilməklə aparılmalıdır. Prezident budəfəki çıxışında da göstərdi ki, onun üçün əsas məsələ vətəndaşların mənafeyinin qorunması, icra edilən layihələrin ilk növbədə vətəndaşların mənafeyinə xidmət etməsi, həmçinin dövlət maraqlarımızın təmin edilməsidir. 

Prezidentin fərman və sərəncamları dövlət və xalqın mənafeyinə söykənir

Ümumiyyətlə, Vətən müharibəsi dövrünü və ondan sonrakı mərhələni qısaca nəzərdən keçirsək, bu müddət ərzində cənab Prezidentin imzaladığı fərman və sərəncamların bütünlüklə dövlət maraqlarına və vətəndaşların, xalqın mənafeyinə xidmət etdiyini görərik. İstər “Yaşat” Fondunun yaradılması, istər ümumilikdə Qarabağın inkişafına yönələn “Dirçəliş” Fondunun təsis edilməsi, işğaldan azad edilmiş ərazilərdə dövlət strukturlarının formalaşması, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin yaradılması (qeyd edək ki, bu günlərdə Prezident Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə”ni təsdiq edən Fərman imzaladı – red.), Vətən savaşında Azərbaycana dost münasibəti göstərən, haqq işimizi dəstəkləyən dövlətlərlə əməkdaşlığa açıq olduğumuzu bildirməsi, Qarabağda sənaye obyektlərinin, müəssisələrin tikintisi ilə bağlı tövsiyə və tapşırıqlar verməsi, bunların hamısında ən üstün mənafe ictimai maraqlar, xalqın, vətəndaşların istəyi hesab edilir. Cənab Prezidentin “Mən Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etmişəm, məmurlar şəhəri yox” cümləsi isə ictimai maraqlara öz şəxsi mənafeləri prizmasından baxmağa alışmış bəzi məmurlara ən tutarlı cavab oldu. Prezidentin belə sərt mövqeyindən sonra hansısa məmurun, vəzifəli şəxsin səlahiyyətlərini aşacağı mümkün görünmür. Cənab Prezident Minatəmizləmə Agentliyinin İdarə Heyətinə sədr təyin olunmuş Vüqar Süleymanovu videoformatda qəbul edərkən də işğaldan azad edilmiş ərazilərin qısa müddətdə minalardan təmizlənməli olduğunu və Agentliyin Qarabağdakı ümumi işimizə - bərpa işlərinə töhfə verməli olduğunu dedi. Çünki keçmiş məcburi köçkünlərin doğma evlərinə qısa bir zamanda qayıdışı məhz ərazilərin minalardan təmizlənməsi nəticəsində vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsindən birbaşa asılıdır. Qeyd edək ki, bu vacib işin təşkili və icrası üçün hazırda imkanlar xeyli genişlənib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Prezident İlham Əliyevin 15 yanvar 2021-ci il tarixli sərəncamı ilə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statusu ilə yaradılıb. Prezident çıxışında vurğuladı ki, əvvəlki Agentliyin texniki təchizatı çox aşağı səviyyədə idi. Əgər ərazilərin minalardan təmizlənməsi işi məhdud imkanlara malik əvvəlki Agentliyin öhdəsinə buraxılsaydı, ərazilərin minalardan təmizlənməsinin başa çatdırılması üçün bir neçə il gözləmək lazım gələcəkdi. Erməni təcavüzündən azad edilmiş ərazilərdə basdırılmış minaların həcmi bəlkə də dünya miqyasında ən böyük dərəcələrdən biridir. Ərazilərimizin təmizlənməsi və ən əsası – 30 ilə yaxındır doğma yurdlarından didərgin düşmüş vətəndaşlarımızın tez bir zamanda evlərinə qayıtması üçün ilk növbədə ərazilər minalardan təmizlənməlidir. Bunun üçün minatəmizləmə əməliyyatı üzrə milli standartlar hazırlanmalıdır. Bərpa işlərinin nə dərəcədə sürətlə aparılacağı da bundan asılı olacaq.       

“Prezident ilk növbədə vətəndaşları düşünür”

Bələdiyyələrin Fəaliyyətinin Təbliği Birliyinin sədri, əslən Qarabağ bölgəsindən olan Vüqar Tofiqli “Şərq”ə açıqlamasında işğaldan azad edilmiş Qarabağda həyatın dirçəldilməsinin ərazilərin təmizlənməsindən birbaşa asılı olduğunu dedi: 

Cənab Prezident çıxışında doğma yurdlarına tələsənlərə üz tutdu və dedi ki, xahiş edirəm, bir az gözləsinlər. Azad olunmuş torpaqlara icazəsiz, qanunsuz səfər etməsinlər. Hamımız şahidi olduq ki, Vətən müharibəsi şanlı ordumuzun qələbəsi ilə başa çatdıqdan sonra insanlarımız işğaldan azad edilmiş bölgələrə səfər etməyə başladılar. Və təəssüf ki, həlak olanlar da oldu. Çünki bu ərazilər nankor qonşularımız tərəfindən minalanıb. Cənab Prezidentin də dediyi kimi, o qədər mina basdırıblar ki, o torpaqlarda bəlkə də dünyada analoqu olmayan saydadı. Gərək ərazilər təmizlənsin, ərazilərin minalardan tamamilə təmizləndiyinə əminlik olsun, sonra kim istəyir, rahat səfər edə bilər. Biz itki verməməliyik. Dinc şəraitdə itkilərə məruz qalmaq ağırdır.  Prezident də dedi ki, insanların bu addımı başadüşüləndir, onlar 30 ildir doğma torpaqlarına həsrətdirlər, amma bir az da səbirli olsunlar, ərazilər təmizlənsin, bədbəxt hadisələr baş verməsin. Sizə deyim ki, hazırda ərazilərin təmizlənməsi prosesi xeyli sürətlənib. Qardaş Türkiyə bu işdə ölkəmizə kömək edir. Belə məlumat verilmişdi ki, Türkiyə Quru Qüvvələrinin Xüsusi Mina Axtarma Təmizləmə qrupunun 136 nəfərlik heyəti Qarabağda minaların təmizlənməsinə kömək etmək və Azərbaycan Ordusunun şəxsi heyətinə təlim keçmək məqsədi ilə Azərbaycandadır, mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi əməliyyatlarına başlayıblar. Bildiyim qədər minaların təmizlənməsində çox güclü, pilotsuz minatəmizləyicilərdən də istifadə olunur. Yəni işlər sürətlənib. İnanırıq ki, çox qısa zamanda ərazilərimiz təmizlənəcək və bununla da vətəndaşların təhlükəsizliyi təmin edilmiş olacaq. 

Bərpa sistemli şəkildə aparılmalıdır

V.Tofiqli qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərdə yaşayışa başlanması bərpa işlərinin sürətindən və nə dərəcədə sistemli aparılacağından da asılı olacaq: 

- Keçmiş məcburi köçkünlər bu dəqiqə, şəraitə, imkana baxmadan, lap yalın ayaqla da doğma yurdlarına qayıtmağa hazırdır. Amma Azərbaycan dövlətinin prioritetləri var. Xalqın mənafeyi, vətəndaşların təhlükəsizliyi, ictimai maraqlar. Bunlar eyni zamanda dövlət maraqları ilə üst-üstə düşməlidir. Azərbaycan dövləti heç vaxt razı olmaz ki, yurdundan didərgin salınmış, illərlə Vətən həsrəti ilə yaşayan vətəndaşı ərazilərə qayıdıb ehtiyac içində qalsın. Dövlət başçısının istəyi budur ki, işğaldan azad olunmuş ərazilərdə bütün lazımi infrastruktur yaradılsın, dağıdılmış evlər bərpa olunsun ki, doğma yurduna qayıdan insanlarımız rahat şəkildə yaşasınlar. Ən vacib məsələlərdən biri də işğaldan azad olunmuş ərazilərdə yaşayacaq insanlarımızın maddi təminat məsələsidir. Məlumdur ki, keçmiş məcburi köçkünlərə hazırda verilən kompensasiya Prezidentin tapşırığına uyğun olaraq bundan sonrakı 2-3 ildə də verilməkdə davam edəcək. Bunu niyə belə edirlər? Çünki məskunlaşma asan proses deyil. İnsanlarımızın doğma yurdlarına qayıdıb məskunlaşmaları üçün maddi təminatları olmalıdır. İşğaldan azad edilmiş ərazilərdə aydın məsələdir ki, müəssisələr tikiləcək, sənaye, ticarət obyektləri olacaq. Ancaq bunun üçün də müəyyən zaman tələb olunur. Orada tikiləcək, açılacaq hər müəssisə yeni iş yeri, keçmiş köçkünlər üçün qazanc yeri olacaq. Bundan əlavə hamımız bilirik ki, Qarabağ bərəkətli torpaqdır. Əkin-biçin üçün yararlı sahələrdir. Cənab Prezident dedi ki, müharibə noyabrın 10-da qələbəmizlə bitdi, dekabr ayının 10-dan payız əkininə başlandı.

Azad olunmuş torpaqlarda təkcə taxıla yararlı 90 min hektar sahəsindən mənfur düşmən  qanunsuz istifadə edib və ötən illər ərzində yararlanıb. İndi o torpaqlar öz qanuni sahiblərinindir. Qarabağ torpağında taxıl da əkiləcək, pambıq da becəriləcək, üzümçülük, tütünçülük inkişaf edəcək. Heyvandarlıq, bostançılıq, meyvə-tərəvəz.... Hər şey əkiləcək, becəriləcək. Qarabağ insanı zəhmətkeşdir, təsərrüfatını yaradacaq, dirçəldəcək. Yəqin ki, qayıdış planında kənd təsərrüfatı sahəsində çalışmış əhalinin yenidən bu sahəyə cəlb edilməsi məsələsi də var. Əlbəttə, təsərrüfatları qurmaq, qazanc əldə etmək üçün kompensasiyalar, subsidiyalar da veriləcək. Kim işğaldan əvvəl hansı sahədə çalışıbsa, yenə həmin sahələrdə çalışa bilər.

Tutaq ki, işğal illərində hansısa bölgədə, yaxud paytaxtda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkün də öz doğma yurdunda, el-obasında bu və ya buna bənzər işlə təmin edilə bilər. Bu da həmin bölgələrdə istifadəyə veriləcək müəssisələrin xarakterindən, açılacaq iş yerlərinin hansı sahənin mütəxəssislərinə ehtiyac duymasından asılı olacaq. Əsas bu məsələlərə diqqət edilməlidir: proses sistemli şəkildə həll olunmalıdır.

Qəbul edilmiş qərarların icrasına, bərpa və köçürülmə işlərinə ciddi və şəffaf nəzarət həyata keçirilməlidir. Bərpa işlərində şəhər və kənd xüsusiyyətləri nəzərə alınmalıdır. İctimaiyyətin, ziyalıların, bölgəyə bələd adamların rəyi və təklifləri dinlənməli və əsaslandırılan təkliflər nəzərə alınmalıdır. Hesab edirəm ki, keçmiş məcburi köçkünlərin demək olar 99 faizi öz doğma elinə qayıdacaq. İstisnalar hansısa şəxsin işi, çalışdığı sahə ilə, ya da təhsilin davam etməsiylə bağlı ola bilər.

 Ümumilikdə isə bütün qarabağlılar illərlə həsrətində olduqları yurdlarına qayıdacaqlar. İşğaldan azad edilmiş ərazilərimizdə çox qısa bir zamanda məskunlaşma başlayacaq. İnsanlarmız da bunu gözləyir və bunu istəyir. Dövlət də bunun üçün hər cür imkanı yaratmağa hazırdır, proseslər buna doğru istiqamət götürüb artıq.