Bütün hərəkətlilik havadan nəzarətdədir


Monitorinq Mərkəzinin işə başlaması nəticə verir

Yaxın vaxtlarda biz daha çox sayda erməni qoşunlarının Qarabağ ərazisindən çıxarılmasının şahidi olacağıq


“Ağdamda fəaliyyətə başlayan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi sülhməramlıların fəaliyyətinin nizamlanmasında müstəsna əhəmiyyətə malikdir”.
 
Bunu "Şərq"ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. 

Onun sözlərinə görə, atəşkəsin əldə olunmasına nəzarət etmək üçün yaradılan Monitorinq Mərkəzi artıq öz fəaliyyətinin müsbət nəticələrini ictimaiyyətə nümayiş etdirməkdədir: “Qərargahda Türkiyə və Rusiya tərəflərini eyni sayda - 60 nəfər hərbi qulluqçu təmsil edəcək. Hərbi qulluqçulara türk və rus generallar başçılıq edəcək. Monitorinq Mərkəzinin sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidmət, inzibati və yaşayış otaqları inşa olunub. Habelə, Birgə Monitorinq Mərkəzində hərbçilərin fəaliyyəti və istirahəti, həm də onların maddi-texniki təminatını nəzərdə tutan obyektlərin inşası artıq başa çatdırılıb”. 

Ə.Verdiyev qeyd edib ki, Monitorinq Mərkəzinin mühafizə və müdafiəsi, həmçinin ərazi ətrafında təhlükəsizliyini Azərbaycan ordusu təmin edəcək:

“Türkiyənin Birgə Monitorinq qrupunda təmsil olunması çox önəmlidir. Bu, həm ərazidə Azərbaycan xalqının çoxdan gözlədiyi erməni silahlarının Qarabağın dağlıq hissəsindən çıxarılmasına, həm də bölgədəki ağır silahların təxliyəsinə gətirib çıxaracaq. Monitorinq Mərkəzinin işə başlamasından qısa zaman sonra erməni mətbuatında Qarabağ ərazisində yerləşən, yəni Xankəndinin qorunmasını təmin edən hava hücumundan müdafiə sistemlərinin Gorus istiqamətindən çıxarılmasına dair məlumatlar paylaşılmaqdadır. Yaxın günlərdə biz daha çox sayda erməni qoşunlarının Qarabağ ərazisindən çıxarılmasını, yəni 10 noyabrda imzalanan Birgə Bəyannamənin şərtlərinin yerinə yetirilməsinin şahidi olacağıq".