Bazara az təsir edəcək

Avronun güclənməsi həmişə olub, amma bunun ciddi fəsadları müşahidə olunmayıb

Dünya birjalarında avronun dollara münasibətdə məzənnəsinin qalxması davam edir. Bu, Azərbaycan da daxil olmaqla, dünya dövlətlərinin böyük əksəriyyətinin diqqətini xüsusi olaraq cəlb etməkdədir. Çünki hazırda dollar və avro qlobal ticarətdə əsas valyuta statusunu qoruyub saxlayır. Eyni zamanda, yığım üçün yenə bu valyutalardan istifadə edilir. Lakin onların məzənnələri arasında fərq də dövlətlərə, o cümlədən Azərbaycana təsirsiz ötüşmür.

Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə açıqlamasında bildirib ki, avronun güclənməsinin Azərbaycan iqtisadiyyatına elə də bir təsiri olmayacaq. Ekspert qeyd edib ki, avronun dollara nisbətdə güclənməsi daimi olub, amma bunun da ciddi fəsadı müşahidə olunmayıb:

"Dünyada neft dollarla satılır. Azərbaycan da neft satan ölkədir. Qeyd edim ki, Azərbaycan Avropa İqtisadi İttifaqının üzvü deyil və mal dövriyyəsini əsasən qonşu dövlətlərlə edir. Dollar stabil valyutadır. Bizim kimi ölkə üçün, dolların güclənməsi və aşağı enməsi əsas prioritet məsələlərindən biri ola bilər. Düzdür, bəzi məhsullar var ki, biz onu Avropadan alırıq. Bu baxımdan aşağı faiz müqabilində bizim bazara təsir edə bilər. Amma ümumilikdə avronun oynamasında Azərbaycan üçün təhlükə görmürəm. Mərkəzi Bankda bərabərlik saxlanılır. Avronun ölkəmizə təsiri Avropadan gələn malların yalnız bahalaşması ilə müşahidə oluna bilər. Dollara gəlincə, onun manata nisbətdə artması pandemiya uzansa, baş verə bilər. Bu da 1 dolların 2 manata bərabər olması ilə müşahidə oluna bilər". 

Ekspert qeyd edib ki, hazırda inflyasiya prosesi asta addımlarla gedir, bunu dayandırmaq isə mümkün deyil:

"Səbəblərdən biri budur ki, idarəetmə sistemində müəyyən boşluqlar var. Dövlətdə korrupsiya ilə mübarizə aparılsa da, boşluqlar yenə də müşahidə olunmaqdadır. Bir çox hallarda iqtisadçıların çaldığı həyəcan təbilinə əhəmiyyət verilmir. Bu günləri vergi yoxlamalarında və gömrükdə problemlər mövcuddur. Biz iqtisadçılar dövlətin qüdrətlənməsini istəyirik. İstəyirik ki, bizim də səsimizə səs verib, bundan nəticə çıxaran olsun. Amma təəssüf ki, bir məsələni araşdırıb, nəticə çıxarmaq mümkün olmur".