Putinin seçimi Paşinyandır

"Koçaryanın niyyəti Vladimir Putinlə görüşmək olsa da, sabiq rəhbər buna nail ola bilməyəcək"

Ermənistanın sabiq prezidenti Robert Koçaryanla Ermənistan müxalifətinin liderləri daha bir görüş planlaşdırırlar. Bu barədə “Joxovurd” qəzeti yayıb. Nəşr Koçaryanın 8 fevrala qədər Moskvada Rusiya elitasının nümayəndələri ilə görüş keçirib, Ermənistana dönəcəyini bildirib: “Müxalifət liderlərinin görüşündə konkret planların Koçaryanın qayıdışından sonra qurulması ilə bağlı müzakirə aparılıb”.

Erməni teleqram kanalları isə başqa iddia ilə çıxış edib. Onların məlumatına görə, Koçaryan, Serj Sarkisyan və Nikol Paşinyan birincinin Moskvaya səfərindən öncə görüşüblər. Görüşdə əsas müzakirə mövzusu növbədənkənar seçkinin tarixini müəyyənləşdirmək olub. Qeyd edək ki, R.Koçaryanın üzərində həbs var və onun ölkədən çıxışına yalnız məhkəmə izn verir. Məhkəmənin isə Nikol Paşinyanın razılığı olmadan Koçaryanın növbəti dəfə ölkədən çıxışına izn verməsi mümkünsüz sayılır. 

Politoloq Qabil Hüseynli “Şərq”ə bildirib ki, son dönəm fəallaşan Ermənistanın eks-prezidenti Robert Koçaryanın niyyəti Vladimir Putinlə görüşmək olsa da, sabiq rəhbər buna nail ola bilməyəcək. Analitikə görə, Koçaryan sadəcə Rusiyanın siyasi elitasını təmsil edən üç-beş şəxslə görüşə bilər:

“Putinin seçimi Paşinyandır. Kreml rəhbəri erməni müxalifətini təmsil edən heç bir şəxslə açıq, yaxud gizli görüşmək fikrində deyil. Ancaq Koçaryan çox həyasız adamdır. Çalışacaq ki, bütün qapıları döysün.

Uzaq başı Koçaryana XİN rəhbəri Sergey Lavrovun qapısı açılar. O, Rusiyanın müdafiə naziri ilə görüşə bilməz, çünki Sergey Şoyqu Putinə yaxın adamdır. Məlumdur ki, Rusiyada erməni diasporasının nümayəndələri var. Koçaryan onlarla bir araya gələ, boş vədlərlə pul qopartmağa çalışa bilər.

Keçmiş prezidentin Rusiyaya gözlənilən səfəri sırf siyasi deyil, həm də iqtisadi xarakter daşıyır. Amma güman etmirəm ki, səfər uğurlu olacaq. Koçaryanı uydurma vədlərlə geri göndərəcəklər. Onun Moskva səfərləri Paşinyanı devirə bilməz”.

Q.Hüseynli vurğulayıb ki, Kreml “Qarabağ klanı”nın rəhbərlərinə ölkədə münasibətin çox mənfi olduğunu yaxşı bilir: “Koçaryanın ətrafına toplamaq istədiyi müxalifət partiyaları ciddi sosial bazaya malik deyil.

Ağır məğlubiyyətdən sonra Paşinyana qarşı birləşmiş 17 müxalifət partiyası etiraz aksiyasına cəmi 2 min adam çıxara bilirsə, bu qüvvələrin nə vaxtsa hakimiyyətə gələcəyini gözləmək olmaz”.