PUA-lar heyrətləndirir

"Türkiyə qısa zamanda dünya silah bazarını alt-üst etməyi bacardı" 

"Qardaş ölkə silahı gücünə və hərbi texnikalarına görə ABŞ, Rusiya, Çin və İsraillə bir cərgədə durur"

Türkiyənin müdafiə sənayesində bir-birinin ardınca atılan uğurlu addımlar Avropanın əksər ölkəsinin diqqətini cəlb etməyə başlayıb. Böyük Britaniya, Serbiya, Bolqarıstan, o cümlədən Mərkəzi Asiya ölkələri “Bayraktar TB2” PUA-larını silah arsenallarına əlavə etmək niyyətində olduqlarını deyiblər. Ukrayna isə artıq öz ordusunu türk PUA-ları ilə təchiz edib. Bundan əlavə, Fransa, Almaniya və İspaniya da türk aparatları haqqında müsbət rəylər veriblər. Qarşıdakı dönəmdə “Bayraktar TB2” əldə etmək niyyətində olduqlarını gizlətməyiblər. Hətta Türkiyənin hərbi müdafiə sənayesinin gücünü türklərə açıq nifrət bəsləyən Yunanıstan belə etiraf edib.

Yunanların geosiyasət və təhlükəsizlik üzrə tanınmış eksperti Filis son illərdə türklərin müdafiə sənayesində əsl “intibah dövrü” yaşadıqlarını deyib. Liviyadakı vətəndaş müharibəsində özünü güc balansını dəyişdirən silah olaraq tanıdan zərbə PUA-ları Türkiyə müdafiə sənayesinin Suriyada, Şimali İraqda və ən nəhayət, Qarabağdakı hərbi əməliyyatlardakı potensialının ən yüksək vəziyyətdə olduğunu isbatladı. Təbii ki, həmin proseslər dünyada dərindən izlənilib və belə bir nəticəyə gəlinib. Qeyd olunduğu kimi, Böyük Britaniya da türk zərbə PUA-ları ilə maraqlanır. Britaniyalılar məhz Qarabağda aparılan hərbi əməliyyatlardan sonra bu qərara gəliblər. London ABŞ-ın “General Atomics” şirkəti ilə danışıqları dayandırıb. Amerikalıların “Protector” PUA-larının yerinə Türkiyənin “BayraktarTB2”-lərinə üstünlük verib. Qazaxıstan isə bu PUA-lardan 30-40 ədəd alacağını bildirib. Almaniya nəşrləri yazıb ki, “türklər onlara embarqo qoyanlara minnətdardır”. Nəşr vurğulayıb ki, Qərb Ankaraya embarqo tətbiq etdi, türklər isə ən yaxşı PUA-nı hazırladı. Nəticədə havada supergüc oldular: “Hər şey qeyri-rəsmi boykotla başladı. Türkiyə 2016-cı ildə NATO-dan döyüş PUA-ları almaq istəsə də, ABŞ və İsrail vermədi. Sonra türk şirkətləri işə başladı və TAI-Anka, “Bayrakdar” PUA-ları beynəlxalq sektorun ən qabaqcıl məhsulları oldu”. 

Dünyanı heyrətləndirən türk PUA-ları ilə bağlı “Şərq”ə danışan politoloq Əhəd Məmmədli deyib ki, Türkiyə qısa zamanda dünya silah bazarını alt-üst etməyi bacardı. Siyasi şərhçinin sözlərinə görə, qardaş ölkə silahı gücünə və hərbi texnikalarına görə ABŞ, Rusiya, Çin və İsraillə bir cərgədə durur, hətta bəzi məqamlara görə onları qabaqlayır:

“Hava məkanında üstünlük əldə etməklə Türkiyə bir çox ölkəni arxada qoydu. Qərb ölkələri nəinki bu reallığı qəbul edir, üstəlik, Türkiyə istehsalı hərbi texnikaları almağa can atırlar. Qərbin peşmanlığı ona görədir ki, vaxtında türklərlə ortaq silah istehsalına girmədilər, hərbi sahədə əməkdaşlıq şansını əldən buraxdılar. Ancaq onu düzgün vurğulayırlar ki, türklərə silah satmadıqları üçün qardaş ölkə təkbaşına hərbi texnikaların istehsalına başladı. Avropa ölkələrini heyrətə düşürən odur ki, Türkiyə çox qısa müddətdə dünyanın ən müasir silah-sursatını emal etməyə başladı. Pilotsuz uçuş aparatlarının istehsalında İsraili belə arxada qoydular.

Deməli, sanksiyalar və embarqolar bir növ Türkiyəyə təkan oldu. “Hər şərdə bir xeyir var” deyirlər. Sanksiyaların faydası o oldu ki, Türkiyə öz başına çarə qıldı və problemini daxili resursları hesabına həll etdi”.

Analitikin qənaətincə, ümumiyyətlə, tarix göstərir ki, bütün embarqolar, təzyiqlər əks nəticə verib və sanksiya tətbiq olunan ölkələri zəiflətməyib:

“Əksinə, həmin dövlətlər qarşılarına məqsəd qoyaraq, daha qətiyyətlə addımlamağa çalışıblar. Hərbi gücü olmayan bir ölkənin özünü siyasi cəhətdən qəbul etdirməsi mümkün deyil. Bunlar bir-birinə bağlıdır. Təbii ki, hər bir siyasi uğurun arxasında güclü ideologiya durur. İdeologiyaya söykənmiş ölkələr güclü mövqe ortaya qoyur və dünyanı onlarla hesablaşmağa məcbur edirlər. Türkiyə AKP iqtidarı dövründə vahid ideologiya ilə çıxış etdi.

Hökumət türk-islam prinsiplərini önə çəkərək əsrlərə söykənən milli-dini ideologiyaya dayandı. Bütün uğurların arxasında bu məqam dayanır”.