"Ən mühüm məsələlərdən biri də iqtisadiyyatdır"

"Dövlətin təməl dayaqları, inkişafı birbaşa olaraq iqtisadiyyatdan asılıdır"

Məlum olduğu kimi, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” müəyyən olunub. Milli prioritetlər ölkəmizin bundan sonrakı inkişafını müəyyən edəcək bir növ yol xəritəsidir. Yəni Azərbaycan Respublikasının əsas hədəflərini, əsas məqsədlərini göstərən bələdçidir. Prioritetlərin müəyyən edilməsi və həmin prioritetlərə uyğun olaraq işlərin qurulması əsas siyasi xəttimizi müəyyən edir. Həmçinin, qəbul edilmiş prioritet istiqamətlər Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”lə həmahəngdir.

Milli Məclis Sədrinin müavini Adil Əliyev deyib ki, milli prioritetlərin müəyyən edilməsi inkişafımızın yol xəritəsidir. Deputat vurğulayıb ki, 2020-ci il tariximizə Zəfər ili olaraq düşdükdən sonra, qarşımızda olan əsas hədəf işğaldan azad edilmiş ərazilərimizdə abadlıq və quruculuq işləri, məcburi köçkünlərin öz doğma evlərinə qayıtmalarıdır: “Qısa müddət sonra məcburi köçkünlərimiz öd dədə-baba yurdlarına geri dönəcəklər. Vətən müharibəsindən sonra regionun və ölkəmizin inkişafının təmin edilməsi, regionda sülhə nail olmaqla yanaşı, yeni tranzit yollarının qurulması ölkəmizin inkişafının əsas cizgilərini müəyyən edir. Sosial-iqtisadi inkişafımızın bazasını müəyyən edən milli prioritetlərin qorunması və reallaşdırılmasına xidmət etmək hər bir vətəndaşın ümdə vəzifəsidir. Milli prioritetlər müəyyən edilərkən ən mühüm məsələlərdən biri də iqtisadiyyatdır. Dövlətin təməl dayaqları, inkişafı birbaşa olaraq iqtisadiyyatdan asılıdır. Pandemiya bizə əyani şəkildə göstərdi ki, əgər iqtisadiyyat zəifdirsə, heç bir halda inkişafdan söhbət gedə bilməz. İqtisadiyyatı zəif olan dövlətlər pandemiya bəlasından qurtula bilmədilər. Lakin ölkəmiz kimi dayanıqlı iqtisadiyyata sahib olan ölkələr isə pandemiyada iqtisadiyyatları zərər görsə belə, bu bəlanı dəf edə bildilər. İqtisadiyyatda yalnız Cənubi Qafqazda lider olmaqla kifayətlənməli deyilik, dəyişən dünyanın standartlarına uyğun olaraq dayanıqlı iqtisadiyyat əsas hədəfimizdir”. 

Parlamentin sədr müavini vurğulayıb ki, milli prioritetlər müəyyən edilərkən dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulması əsas şərtlərdən biridir:

“Cəmiyyətin inkişafı dövlətin inkişafı ilə düz mütənasibdir. Əgər ilkin olaraq rəqabətyönümlü iqtisadiyyat nəzərdə tutulursa, ikinci mühüm faktor inkişaf edən iqtisadiyyata uyğun cəmiyyətin qurulmasıdır. Məlumdur ki, ölkə başçısı dəfələrlə əsas kapitalımızın insan kapitalı olmasını qeyd edib. İnsan kapitalının inkişafı ilə bağlı müxtəlif sənədlər qəbul olunub. Habelə xaricdə təhsil üzrə dövlət proqramlarının əsas xəttini də insan kapitalının inkişafı təşkil edir. Milli prioritetlər müəyyən edilərkən digər mühüm məqamlardan biri də təmiz ətraf mühit və “yaşıl artım”a önəm verilməsi, ölkəmizin ekoloji tarazlığının qorunmasıdır. Hər il ölkəmizdə yeni parklar salınır, habelə yaşıllığın artırılması istiqamətində bütün tədbirlər görülür. Təəssüf ki, Ermənistanın törətdiyi terrordan meşələr də böyük zərər görüb. İşğal altında olan ərazilərimizdə meşə massivləri tam məhv edilib. Qarabağda aparılan abadlıq-quruculuq işlərinin tərkib hissəsi kimi, meşələrin bərpası istiqamətində də mühüm addımlar atılacaq, yaşıllıqlar salınacaq”.